6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Prezident Zəngilan Aqroparkının yaradılması haqqında fərman imzalayıb

Prezident Zəngilan Aqroparkının yaradılması haqqında fərman imzalayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılacaq.

"PostMedia" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanda göstərilir ki, aqropark müasir texnologiya və üsulların tətbiqi ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi üçün istifadə olunacaq. Bura məhsulların saxlanılması, çeşidlənməsi və satışı da daxildir. Məqsəd işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə etmək, orada kənd təsərrüfatını bərpa edib inkişaf etdirmək, yerli istehsalı və məşğulluğu artırmaqdır.

Aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra - Agentlik) həyata keçirəcək.

Aqroparkın ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturunun yaradılması üçün layihələndirmə işlərinə Prezidentin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb. Vəsait 2026-cı il dövlət büdcəsində nəzərdə tutulub. Maliyyə Nazirliyi bu məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabinetinə iki ay ərzində Zəngilan şəhərinin yaxınlığında 1424,55 hektar, Qubadlı rayonunun Tatar kəndi yaxınlığında isə 164,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini təmin etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi isə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təklifləri nəzərə alınmaqla, aqroparkda istehsal və emal olunacaq aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən etməlidir. Nazirlik həmçinin infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün Agentliyə zəruri kömək göstərəcək.

Fərmanla Prezidentin bir sıra digər sərəncamlarına da dəyişiklik edilib. "Reklam haqqında" Qanunun tətbiqi ilə bağlı 2015-ci il tarixli fərmanda, "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda, sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinə dair 2021-ci il tarixli fərmanda, "Aqroparklar haqqında Nümunəvi Əsasnamə"də və İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsində müvafiq bəndlərə Zəngilan Aqroparkının adı əlavə olunur.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30