Neftçala rayonunda "Uşaqların zərərli vərdişlərdən qorunması" layihəsi çərçivəsində məktəblilər üçün maarifləndirici tədbirlər keçirilib.
"PostMedia" xəbər verir ki, bu barədə layihəni həyata keçirən Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi məlumat yayıb.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Tədbirlər 29–30 oktyabr 2026-cı il tarixlərində təşkil edilib. Şagirdlərlə görüş və seminarlar R. Gözəlov adına Xıllı qəsəbəsi 1 saylı tam orta məktəbində və S. Kərimov adına Qədimkənd kənd tam orta məktəbində keçirilib.
Tədbirlərdə birliyin sədri Elnurə Abuşova, uşaq hüquqları üzrə ekspert Kəmalə Aşumova və uşaq klinik psixoloqu Gülnar Salmanova iştirak ediblər.
İnteraktiv formatda keçirilən məşğələlərdə şagirdlərə siqaret, elektron siqaret (veyp), alkoqol, narkotik və psixoaktiv maddələr, qumar, internet və oyun asılılığının fəsadları, risk amilləri və qorunma yolları barədə nəzəri və praktik biliklər çatdırılıb. Uşaqlar tapşırıqları birgə yerinə yetirib, fikirlərini bölüşüb və suallar ünvanlayıblar.
Görüşlərdə risklərin erkən müəyyən edilməsinə, sağlam seçim etmək bacarıqlarının inkişafına və uşaqlarla profilaktik işin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Şagirdlərin rəyləri və təklifləri dinlənilib, mütəxəssislər isə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Layihənin məqsədi uşaqlarda sağlam həyat tərzi formalaşdırmaq, zərərli vərdişlərin qarşısını almaq, uşaqların, valideynlərin və pedaqoqların məlumatlılığını artırmaq, habelə aidiyyəti qurumlar və ictimai institutlar arasında əməkdaşlığı gücləndirməkdir.
Layihə çərçivəsində maarifləndirmə tədbirlərinin Salyan və Masallıda davam etdirilməsi nəzərdə tutulur.