6°C Bakı
1$ = 1.70₼
Dünya

Avropanın yeddi ölkəsində supermarketlərin soyuducularına kiberhücum edilib

Avropanın yeddi ölkəsində supermarketlərin soyuducularına kiberhücum edilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Fransada oktyabrın əvvəlində çoxsaylı supermarketlərin soyuducu və dondurucularını hədəf alan kiberhücumdan sonra Avropanın daha yeddi ölkəsində oxşar hücum baş verib.

"PostMedia" "BBC"yə istinadən xəbər verir ki, Belçika və Lüksemburqda təxminən 40 supermarket zərər çəkib. İsveç, İrlandiya, Hollandiya, Estoniya və Finlandiyadakı marketlər də hücum barədə məlumat verib.

Zərər çəkən soyuducuların bir hissəsinin istehsalçısı olan belçikalı "Sabcobel" şirkəti cihazların kiberhücum nəticəsində "buz əritmə" rejiminə keçirildiyini və bu səbəbdən qızdığını açıqlayıb. Yerli mətbuatın məlumatına görə, milyonlarla avro dəyərində ərzaq məhsulu zibilə atılıb.

"Delhaize" supermarket zəncirinin soyuducu sistemlərini idarə edən "Sabcobel" şirkətinin icraçı direktoru Stefan Mulans "Belga" agentliyinə açıqlamasında hadisənin kiberhücum olduğunu təsdiqləyib. Onun sözlərinə görə, şirkət təsirə məruz qalan blokları virtual şəbəkədən ayırmaq üçün gecə boyu və səhər saatlarında fasiləsiz işləyib.

Mulans bildirib ki, oktyabrın əvvəlində Fransada baş verən hücumdan bəri müştərilərin soyuducularını "bu təhlükəsizlik boşluğundan qorumaq" üçün çalışırlar. Lakin cihazların yalnız proqram yeniləməsi ilə deyil, fiziki müdaxilə ilə də düzəldilməsi tələb olunur.

"Ən sadə həll soyuducuları təhlükəsiz internet bağlantısı üzərindən idarə etməkdir. Müştərilərimizin əksəriyyəti Fransadakı hücumdan sonra bu üsula keçib", — deyə o əlavə edib.

Avropadakı supermarketlərin çoxu internetə qoşulmuş şəkildə işləyir. Bu, texniki xidmət və nasazlıqların aradan qaldırılmasını uzaqdan həyata keçirməyə imkan verir.

Hücumun arxasında kimin dayandığı hələ məlum deyil. Avropanın müxtəlif ölkələrindəki bəzi mağazalarda dondurucuların temperaturunun 50 dərəcəyə qədər yüksəldiyi bildirilir.

Belçika və İsveçin milli kibertəhlükəsizlik qurumları hadisəni yaxından izlədiklərini deyib. Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) isə "hadisənin təfərrüatlarını tam anlamaq" üçün beynəlxalq tərəfdaşlar və sektor nümayəndələri ilə birlikdə çalışdığını açıqlayıb. Britaniyada hələlik heç bir hadisə qeydə alınmayıb.

Fransa kapitallı "Carrefour" supermarket zənciri Belçikadakı mağazalarından yalnız 15-nin zərər çəkdiyini, bütün mağazaların açıq qalması üçün isə dərhal tədbirlər görüldüyünü bildirib. Belçikada "Spar" mağazalarını françayzinq sistemi ilə idarə edən "Colruyt Group" şirkətinin sözçüsü isə beş mağazanın soyutma sistemlərinə hücum edildiyini deyib.

İsveçdə "ICA" və "Coop" zəncirlərinə aid bəzi mağazalar hücuma məruz qalıb. "ICA" sözçüsü hadisənin şirkətin mərkəzi şəbəkəsindən kənarda fəaliyyət göstərən az sayda mağazaya təsir etdiyini təsdiqləyib və zərər çəkən mağazalara dəstək verildiyini bildirib.

İsveçin cənubundakı Sjöbo şəhərində yerləşən "ICA" filiallarından biri sosial şəbəkə hesabında yazıb: "Soyuducularımız və dondurucularımız gecə saatlarında hakerlər tərəfindən sındırılıb və temperaturu 50 dərəcəyə ayarlanıb". "Coop"un İsveçdəki 800 mağazasından yeddisi hadisədən təsirlənib, lakin şirkət vəziyyətin hazırda nəzarət altına alındığını bildirib.

Qonşu Finlandiyada bəzi "K-market" filiallarında soyuducuların nasazlığı aşkarlanıb. Hücum İrlandiya, Hollandiya və Estoniyadakı mağazalara da təsir edib.

Son hücumda istifadə olunan metodun keçən ay Fransada yüzlərlə supermarketi hədəf alan hücumla eyni olduğu güman edilir. O zaman hakerlər soyutma bloklarının temperaturunu tənzimləyən proqram təminatının nəzarətini ələ keçirmiş, bəzi bloklar gecə boyu 50°C-yə qədər qızmışdı. Hücum milyonlarla avro dəyərində təzə və dondurulmuş ərzaq məhsulunun xarab olmasına səbəb olmuşdu.

Adətən supermarket dondurucuları gecə qısa müddət buz əritmə rejiminə keçir və bu zaman temperatur bir qədər qalxır. Lakin hakerlərin hücumu blokların qızıb isti qalmasına gətirib çıxarıb.

Foto: BBC Türkçe

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30