Meta evlərdə məişət işlərində kömək etmək üçün nəzərdə tutulmuş humanoid robotun prototipini hazırladığı bildirilir.
"PostMedia" "The Information" nəşrinə istinadən xəbər verir ki, daxili adı "Max" olan robot Çinin "Fourier" robototexnika şirkətinin köməyi ilə təxminən üç ay ərzində hazırlanıb.
Nəşrin mənbələrinin verdiyi məlumata görə, robotun çəkisi təxminən 48 kiloqram (106 funt), boyu isə təxminən 1,5 metrdir. Prototipin üzərində mimikaları göstərə bilən ekran, daxili dinamik və kiçik əşyaları götürmək üçün nəzərdə tutulmuş əllər var. Robotu "NVIDIA"nın "Jetson Thor" çipləri idarə edir.
Kütləvi bazar üçün nəzərdə tutulan versiyanın buraxılış tarixi hələ müəyyən edilməyib. Bununla belə, Meta sentyabrdan etibarən "Max 2" kodlu ikinci prototip üzərində işləyir. Bildirilir ki, bu versiyada robotun gövdəsinin və əllərinin dizaynı yenilənir, ona proyektor və pilləkənlə daha yaxşı hərəkət etməyə kömək edəcək əlavə sensorlar əlavə olunur.
Meta-nın humanoid robotlar sahəsindəki fəaliyyəti ötən il başlayıb. "Bloomberg" şirkətin məişət işlərini görə biləcək robot aparatı hazırlamaq üçün yeni komanda yaratdığını yazmışdı. Bu ilin əvvəlində isə Meta məhz robotlar üçün süni intellekt hazırlayan startapı alıb.
Foto: Engadget