6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Ukrayna dronları Moskvaətrafındakı hərbi zavoda zərbə endirib

22-oktyabr-2026, 10:16
Ukrayna dronları Moskvaətrafındakı hərbi zavoda zərbə endirib
Yazı Ölçüsü:

Oktyabrın 22-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Moskva vilayətinə kütləvi hücum edib.

"PostMedia" xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, axşam saatlarından etibarən Moskva istiqamətində 630 dron uçub, onlardan 163-ü şəhərə yaxınlaşarkən vurulub. Hücum nəticəsində Voronovo kəndi yaxınlığında iki nəfər xəsarət alıb. “Onlara bütün zəruri yardım göstərilir”, - Sobyanin bildirib.

Hücumun hədəflərindən biri Serpuxov şəhərində yerləşən “75 Arsenal” hərbi zavodu olub. “Astra” nəşri şahidlərin çəkdiyi videolar əsasında müəssisənin ərazisində dron zərbəsindən sonra partlayış baş verdiyini və yanğın başladığını müəyyən edib. Serpuxov sakinləri yerli çatlarda ən azı üç raket zərbəsi barədə də yazıblar.

“75 Arsenal” zavodu Rusiya Silahlı Qüvvələrinin Baş Raket-Artilleriya İdarəsinə tabedir. Müəssisə silah və sursat istehsal edir, həmçinin artilleriya sistemləri və hava hücumundan müdafiə kompleksləri də daxil olmaqla, hərbi texnika və silahları təmir edir.

Həmin gecə Ukrayna dronları Lipetsk şəhərinə də hücum edib. Bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov məlumat verib. Hücum nəticəsində 2001-ci il təvəllüdlü kişi xəsarət alıb. Şəhərin müxtəlif ərazilərində bir neçə fərdi evin və çoxmənzilli binanın pəncərələri və fasadları zədələnib. 7 saylı poliklinika da hücuma məruz qalıb, lakin burada xəsarət alan olmayıb.

“Astra” nəşrinin şahid görüntüləri əsasında müəyyənləşdirdiyinə görə, dronlardan biri “Atmosfera” yaşayış kompleksinə düşüb. Binanın yuxarı mərtəbələrində yanğın başlayıb. Yerli KİV-in məlumatına görə, xəsarət alan kişi hücum zamanı evinin yaxınlığında olub və üzərinə dron qalıqları düşüb.

Ötən gecə Tula vilayəti də kütləvi hücuma məruz qalıb. Regionun rəhbəri Dmitri Milyayevin sözlərinə görə, vilayətin hava məkanında ümumilikdə 70 dron məhv edilib.

“Xəsarət alan yoxdur. Zaoksk rayonunda və Tulada fərdi yaşayış evlərinə ziyan dəydiyi qeydə alınıb”, - Milyayev “Telegram” kanalında yazıb.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə gecə ərzində region üzərində 44 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Onun sözlərinə görə, xəsarət alan olmayıb. Bununla yanaşı, bələdiyyələrdən birində fərdi evlərə və bir çoxmənzilli binaya, digər ərazidə isə elektrik şəbəkələrinə ziyan dəyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031