Moldova parlamenti sentyabrın 22-də ölkə ərazisində enerji və hidroloji sahələrdə sentyabrın 26-dan etibarən 60 gün müddətinə fövqəladə vəziyyət elan edilməsi barədə qərarı təsdiqləyib.
“PostMedia” xəbər verir ki, bu barədə “Newsmaker” məlumat yayıb.
Qərarın lehinə hakim PAS partiyasının 54 deputatı səs verib, müxalifətin 20 nümayəndəsi əleyhinə çıxıb, 22 deputat isə bitərəf qalıb.
Moldova hökuməti bu tədbirin zəruriliyini ölkənin enerji təchizatına, yanacaq bazarına və su ehtiyatlarına eyni vaxtda təsir göstərə biləcək bir neçə riskin mövcudluğu ilə izah edir. Bununla yanaşı, hakimiyyət hazırda Moldovanı qaz, elektrik enerjisi, yanacaq və ya su çatışmazlığının təhdid etmədiyini vurğulayır. Fövqəladə vəziyyət ölkəyə vəziyyətin pisləşməsi halında operativ reaksiya vermək üçün əlavə imkanlar yaratmalıdır.
Moldovanın Baş naziri Vasile Tofan parlamentdə təşəbbüsü təqdim edərkən qaz və neft məhsullarının qiymətlərinin artmasını, dizel yanacağının tədarükündə fasilə riskini, su ehtiyatlarının kəskin çatışmazlığını və hidroenerji istehsalının azalmasını qeyd edib. Əlavə amil kimi Ukraynadakı müharibə fonunda regional enerji sistemində yaranmış mürəkkəb vəziyyəti göstərib.
Moldova hökumətinin başçısının qiymətləndirməsinə görə, bu risklər bir-biri ilə əlaqəlidir: qaz istilik və elektrik enerjisi istehsalına, su hidroenergetikaya, elektrik enerjisi isə su təchizatı sistemində nasosların fəaliyyətinə təsir göstərir.
Hakimiyyət hesab edir ki, sentyabrın 25-də müddəti başa çatan yüksək hazırlıq rejimi eyni vaxtda bir neçə problemin yaranması halında artıq kifayət qədər imkan yaratmır. Fövqəladə vəziyyət zəruri avadanlıqların daha sürətli alınmasına, generatorların və enerji saxlama sistemlərinin quraşdırılmasına, ekstremal vəziyyətlərdə isə tənzimləmə və vergi sahələrində müvəqqəti tədbirlərin tətbiqinə imkan verəcək.
“Bunlar ehtiyat vasitələridir. Ümid edirəm ki, onlardan istifadə etməli olmayacağıq”, - Tofan bildirib.
Hökumətin məlumatına görə, tədbir qabaqlayıcı xarakter daşıyır. Onun zəruriliyi həmçinin soyuq havaların yaxınlaşması ilə əlaqədardır. Bu qış Moldovanın elektrik enerjisinə tələbatının təxminən 59%-nin idxal hesabına qarşılanması planlaşdırılır. Pik saatlarda idxala tələbat isə 400-450 MVt-a çata bilər.
Daha əvvəl, sentyabrın 22-də Milli Təhlükəsizlik Şurasının qərarından sonra hökumət fövqəladə vəziyyət elan edilməsi barədə təklif irəli sürüb. Enerji və hidroloji sahələrdə daha əvvəl tətbiq olunan yüksək hazırlıq rejimlərinin müddəti sentyabrın 25-də başa çatır.