"Sabahın alimləri" XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Azərbaycandakı ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri müsabiqəyə 9 istiqamət üzrə layihələrlə müraciət edə bilərlər. Bu istiqamətlərə riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühit, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt daxildir.
Qeydiyyat noyabrın 19-da saat 11:00-da başlayıb və dekabrın 18-də saat 15:00-dək davam edəcək. Müraciətlər anket.edu.az saytı vasitəsilə qəbul olunur.
Nazirliyin məlumatına görə, bu il müsabiqənin formaları yenilənib. Buna görə iştirakçılara qeydiyyatdan əvvəl qayda və yeni formalarla tanış olmaq tövsiyə edilir.
Müsabiqənin qaydaları və əlavə məlumat sabahinalimleri.edu.az və arti.edu.az saytlarında yerləşdirilib.