"Apple" şirkətinin daxili yeniləməsi sistemlərdə genişmiqyaslı nasazlıqlara yol açıb.
"PostMedia" "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət kibərhücum ehtimalını istisna edib. Nasazlıqlar həm şirkətin daxili infrastrukturuna, həm də istifadəçi xidmətlərinə təsir göstərib.
"Sistemlərimizin bir çoxu bu səhərki daxili yenilənmənin yaratdığı nasazlıqlardan sonra yenidən işləyir. Qalan sistemləri mümkün qədər tez bərpa etmək üzərində işləyirik", - deyə "Apple"ın bəyanatında bildirilir.
"Bloomberg"in yazdığına görə, nasazlıq nəticəsində korporativ portal "AppleWeb", "AppleConnect" avtorizasiya sistemi, uzaqdan işləyən əməkdaşlar üçün VPN girişi, korporativ təqvimlər və nasazlıqları izləmək üçün daxili sayt sıradan çıxıb. Dünyanın müxtəlif ölkələrindəki "Apple" mağazalarında satış, təmir və müştəri xidməti prosesləri pozulub.
"Apple" xidmətlərinin status səhifəsindəki məlumata görə, nasazlıq "App Store"un işinə, istifadəçilərin "iCloud" bulud yaddaşına girişinə, cihazlardan "AppleCare" abunəliyinin rəsmiləşdirilməsinə, habelə biznes və təhsil müəssisələri üçün nəzərdə tutulan xidmətlərə təsir göstərib.
"Apple"dakı texniki nasazlıqlar ABŞ şirkət və dövlət qurumlarında qeydə alınan nasazlıqlar silsiləsini davam etdirib. Bundan əvvəl Federal Aviasiya İdarəsinin (FAA) aviadispetçer sistemlərində, habelə Milli Təhlükəsizlik Agentliyinin (MTA) məxfi kompüter şəbəkəsində də nasazlıqlar yaşanıb.