İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası "Azərbaycan Respublikasında atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planı"nın layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayıb Prezidentə təqdim edəcək.
"PostMedia" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə imzalanıb. Sənəddə insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi, ölkənin beynəlxalq öhdəliklərinin və milli iqlim hədəflərinin icrası da məqsəd kimi göstərilib.
Dövlət Komissiyası 1997-ci il 30 aprel tarixli 560 nömrəli Prezident Sərəncamı ilə yaradılıb. Layihə hazırlanarkən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də müəyyən edilmiş təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioritetlərinin Paris Sazişi, COP29-un nəticələri, "Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" sənədi və "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nın hədəfləri ilə kompleks şəkildə icrası təmin olunmalıdır.
Komissiya hava keyfiyyətinin mövcud vəziyyətini, əsas çirklənmə mənbələrini və çirklənmənin sağlamlığa və ətraf mühitə təsirini qiymətləndirməlidir. Monitorinq sistemi təkmilləşdiriləcək, zərərli maddələrin və onların mənbələrinin inventarlaşdırılması və dövlət uçotu mexanizmləri gücləndiriləcək. Transsərhəd çirklənmə üzrə məlumat mübadiləsi beynəlxalq standartlara uyğunlaşdırılacaq.
Plana əsas iqtisadi sahələr üzrə zərərli maddələrin azaldılmasına yönəlmiş tədbirlərin müəyyən edilməsi və ekoloji standartların təkmilləşdirilməsi də daxil olacaq. Bununla yanaşı, qabaqcıl texnologiyaların və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Şəhərlərin və digər yaşayış məntəqələrinin planlaşdırılmasında hava keyfiyyəti meyarları nəzərə alınacaq. İri şəhərlərdə çirklənmə səviyyəsinə uyğun zonalaşdırma prinsipi tətbiq ediləcək, çirklənmə səviyyəsi yüksək olan ərazilər üçün əlavə tədbirlər planı hazırlanacaq.
Komissiya iqtisadi stimullaşdırma alətlərindən, yaşıl maliyyələşmədən və dövlət–özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanlarını müəyyən edəcək. Hava keyfiyyəti barədə məlumatlara ictimaiyyətin çıxışı imkanları da genişləndiriləcək.
Komissiya həmçinin layihənin hazırlanmasında beynəlxalq təşkilatların, mütəxəssislərin və ixtisaslaşmış məsləhətçi şirkətlərin cəlb olunması imkanlarını qiymətləndirəcək. Yerli elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti institutlarının potensialından istifadə də nəzərdə tutulub.
Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.