Bakıda fəaliyyət göstərən Beynəlxalq Münasibətlər və Multikulturalizm Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli hesab edir ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında sadəcə quru əlaqə deyil, Cənubi Qafqazda iqtisadi münasibətləri dəyişə biləcək layihədir.
"PostMedia" xəbər verir ki, Məmmədli bu fikirləri "Euronews"da dərc olunan müəllif məqaləsində bildirib.
Ekspert xatırladır ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni nəzərdə tutub. Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolu layihələri Bakının nəqliyyat əlaqələrinə diplomatik şüar kimi deyil, investisiya prioriteti kimi yanaşdığını göstərir.
Məmmədli 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın iştirakı ilə əldə olunan razılaşmaları layihəyə yeni təkan kimi qiymətləndirib. Birgə Bəyannamə regional əlaqələri və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP) dəstəkləyib, paraflanmış sülh sazişi isə normallaşmanın iqtisadi məntiqini gücləndirib.
Müəllifin fikrincə, Azərbaycan üçün ən yaxın fayda Naxçıvanla birbaşa əlaqə və Türkiyə vasitəsilə daha geniş bazarlara çıxışdır. Alternativ yük marşrutları, çevik logistika və yeni xidmət mərkəzləri Azərbaycanın Xəzər hubu kimi rolunu gücləndirə bilər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və daxili magistral yollar isə artıq bunun üçün baza yaradır.
Məmmədli layihəni Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən Orta Dəhlizin kontekstində də qiymətləndirir. O, Dünya Bankının hesablamalarına istinad edib: koordinasiyalı investisiya və islahatlar 2030-cu ilə qədər Orta Dəhlizdə yük həcmini 3 dəfə artıra, tranzit müddətini isə yarıya endirə bilər. Müəllif vurğulayır ki, bu rəqəmlər təkcə Zəngəzura deyil, bütövlükdə dəhlizə aiddir.
Avropa İttifaqının da bu prosesdə maraqlı olduğunu yazan Məmmədli xatırladır ki, 2024-cü ildə İttifaq və tərəfdaşları Transxəzər əlaqələri üçün 10 milyard avro səfərbər etmək öhdəliyi elan ediblər. 2026-cı ilin yanvarında isə Aİ və Azərbaycan Naxçıvan dəmir yolunun texniki-iqtisadi əsaslandırılması üzrə əməkdaşlığı gündəliyə daxil ediblər.
Ekspertin fikrincə, layihədən təkcə Azərbaycan qazanmaya bilər. Ermənistan beynəlxalq nəqliyyat şəbəkələrinə daha çox inteqrasiya oluna, Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə quru əlaqələrini genişləndirə, Mərkəzi Asiya ixracatçıları yeni marşrut seçimi əldə edə, Çin isə Avropa bazarlarına əlavə yol qazana bilər.
Məmmədli hesab edir ki, Azərbaycan və Ermənistan arasında uzun müddət bağlı qalmış əlaqələrin açılması ticarət, tranzit və xidmətlər vasitəsilə sabitlik üçün gündəlik maraqlar yarada bilər. Lakin bunun üçün gömrük, tranzit qaydaları, texniki standartlar və infrastrukturun idarə olunması üzrə müntəzəm əməkdaşlıq lazım olacaq.
Müəllif xəbərdarlıq edir ki, imkan hələ nəticə demək deyil. TRIPP-in potensialını doğrultmasını kommersiya səmərəliliyi, şəffaf idarəetmə, effektiv sərhəd prosedurları və ardıcıl siyasi iradə müəyyənləşdirəcək. Onun fikrincə, layihə uğurla həyata keçirilsə, Zəngəzur geosiyasi mövzudan transregional geoiqtisadi imkana çevrilə bilər.