Prezident İlham Əliyev noyabrın 3-də Keniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Mayna Mvanqini qəbul edib.
"PostMedia" xəbər verir ki, səfir görüşdə etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutonun Azərbaycana səfərini, eləcə də onunla ölkəmizdə və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırladıb.
Dövlətimizin başçısı ölkələr arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, bu, iqtisadi-ticari sahə də daxil olmaqla digər istiqamətlərdə əməkdaşlığın möhkəmlənməsi üçün geniş imkan yaradır. Prezident bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb və səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, son dövrlərdə münasibətlərin inkişaf etdiyini deyib və hər iki ölkənin prezidentinin əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq səylərini əsirgəməyəcəyini qeyd edib.
Con Mayna Mvanqi əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəmini xüsusi vurğulayıb.
Görüşdə Azərbaycanla Keniya arasında bir çox sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.








