“Mehman Hüseynov mənim haqqımda bir video çəkib. Guya maskamı cırıb. Deyir, ta vəssalam, Kəramət ifşa olundu, onun erası bitdi.
Video da nə video, eynən Ramiz Mehdiyevin məhkəməsinə oxşayır. Videoya baxandan sonra Mehmandan çox ona inanan adamlara yazığım gəldi”.
“PostMedia” xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl özünün sosial şəbəkə hesabında qeyd edib.
Yazar Mehman Hüseynovla olan xatirəsini də bölüşüb:
“Demək, 3 il öncə doktor Rəşid Mahmudov mənə zəng elədi ki, bizi bir məclisə dəvət ediblər, gəlim səni Elmlərdən götürüm, bir yerdə gedək. Rəşid doktor maşınla gəldi, məni Elmlərdən götürdü, getdik Baxçasaray restoranına. Qapını açıb içəri girəndə gördüm ki, Adil Əliyevlə Mehman Hüseynov yanaşı oturublar, yemək yeyirlər, deyib-gülürlər. Düzü, təəccübləndim. Adil hara, Mehman hara? Sonra başladıq bir yerdə deyib-gülməyə, yeyib-içməyə.
Tam səmimi deyirəm, mən əvvəl həqiqətən də elə bilirdim buna haradansa dəqiq informasiya-zad ötürülür, bu da danışır. İndi isə özüm haqqında danışdıqlarına baxıram, dalının nə qədər açıq olduğu mənə gün kimi aydın olur. Demək, bu adam başqaları haqqında da bu cür yalanlar uydururmuş.
Sizcə, camaat üçün mənim Adil Əliyevlə eyni məclisdə olmağım təəccüblüdür, yoxsa Mehman Hüseynovun?
Bu sual Mehmanı çox narahat etdiyinə görə 3 il əvvəlki məclis söhbətini indi açır və bəri başdan təkrar-təkrar açıqlama verib deyir ki, Adil Əliyev məni Baxçasaray restoranına müsahibə adı ilə çağırmışdı. Onun bu sözü mənə çay içmək adı ilə evə çağırılan qızların hekayəsini xatırlatdı. Adam bilmir Adil Əliyevlə məclisdə yanaşı oturmağına necə don geyindirsin, deyir, məni müsahibə adı ilə çağırmışdı Baxçasaray restoranına.
Mənim Adil Əliyevlə bir məclisdə olmağım təəccüblü bir şey deyil. Mən arağı Siyavuş Novruzovla içib paxmeli Cəmil Həsənli ilə açan adam olmuşam. Səhifəm Adil Əliyevlə, Siyavuş Novruzovla və başqaları ilə kitab sərgilərində, ümumi məclislərdə çəkilmiş şəkillərlə doludur. Ona görə də icazə ver, adamlar özləri sənin başqa hansı məmurlarla oturub-durmaq ehtimalın barədə düşünməyə başlasınlar.
Əsas məsələ, sənin həbsdən çıxandan sonra hansı yaddaqalan fəaliyyətin olub? “Azərsu”nun keçmiş rəhbəri Qorxmaz Hüseynovun villasını çəkmişdin, cəmi 20 gün sonra Qorxmaz Hüseynov işdən çıxarıldı. Halbuki Qorxmaz Hüseynovun villasının yanında başqa məmurların da villaları vardı. Ancaq necə olubsa, sənin sözəbaxan dronun təkcə Qorxmaz müəllimin villasını görmüşdü. Və necə oldusa, prezidentə başqa məmurların mülklərini yox, məhz sənin çəkdiyin villanı göstərib Qorxmaz Hüseynovu işdən çıxartdırdılar.
Həbsdən çıxandan sonra bu cür icazəli və kontrollu fəaliyyətlə məşğul olan Mehman indi mənim Elmlərdəki 3 min manatlıq kitab avtobusumu söz eləyir, amma özü Azərbaycanda olanda 80–100 minlik maşın sürürdü. Onun maşını isə mənim avtobusumdan fərqli olaraq cəmiyyətin gözü önündə deyildi. Yəqin, Adil Əliyevlə bir məclisdə oturmağımızı 3 il sonra açıb danışdığı kimi, bu söhbətləri də bir müddət sonra özü açıb danışar ki, dron naziri məni “çay içək” adı ilə çağırmışdı. Mən ona dedim ki, hsksəsənsgüəsəsbsşsş… Sonra 80–100 minlik maşın dünyaya gəldi.
Nəyə görə deyirəm mənim Mehmana yox, ona inanan adamlara yazığım gəlir? Adam deyir, guya Adil Əliyev mənə ev verib. Mən təxmin edirəm ki, insanların gözünün içinə baxıb mənim haqqımda bu boyda yalan danışan adam gör başqaları barədə nə yalanlar deyir. Hakimiyyətin məngənəsində sıxılıb suyu çıxan bədbəxt insanlar da Mehmanın özündən uydurduğu nağıllardan kayf alırlar.
Mehman veriliş boyu deyir ki, məndə skrinlər var. Amma göstərmir. Məni ifşa edirsə, skrinləri niyə göstərmir?
İkincisi, deyir ki, mən o görüşə mikrofon tutanımla, kamera çəkənimlə gəlmişdim. Bəs niyə onların adlarını çəkmir?
Mənim şəkillərimi kağıza çıxarıb tamaşaçıya elə göstərir, guya mən şəkillərimi hamıdan gizlədirdim, Mehman tapıb üzə çıxarıb. Bir söz deyir, əlini burnumun üstünə qoyur. Bir söz deyir, qulağımın üstünə qoyur. Elə bil məndə təzə orqan-zad tapıb.
Ağzına sümük alıb mənim məclisdə kababı necə yediyimi yamsılayır.
Adam öz dili ilə deyir ki, Adil Əliyev məclisdə Kəramətdən narazılıq edirdi ki, mənim haqqımda müsbət heç nə yazmır.
Mehman, dalı qucaqda olub zakazla işləyən adam bilirsən necə olur? Sən Azərbaycanda olanda heç nə yaza bilmirdin e, bax, elə olur. Bütün işlərində sənə kömək edən ən yaxın dostun Ülvi Həsənli haqda həbsindən üç ay sonra nəsə yazmışdın, camaat səni necə topa tutdusa, qorxundan sildin. Çünki sən Azərbaycanda olanda dalın elə bir qucaqda idi ki, səni öz dostunu belə müdafiə etməyə qoymurdu. Amma mən Ülvini, Sevinci və başqalarını həmişə müdafiə etmişəm, edəcəyəm də.
Üçüncüsü, deyirsən ki, Adil Əliyev Kəraməti mənimlə eyni məclisə ifşa etmək üçün çağırmışdı. Mən Adil Əliyevin adamıyamsa, məni niyə səninlə eyni məclisə çağırıb ifşa edir? Adam öz adamını niyə ifşa eləsin ki?
O ki qaldı mənim üzərimə davamlı hücumların əsl səbəbinə, bəli, bircə bunu düz dedin: Kəraməti çox adam izləyir, ona çox adam baxır və inanır. Sizi narahat edən budur. Məhz buna görə də demək olar ki, hər gün məni “ifşa” edirlər. Hər dəfə də deyirlər ki, Kəramət bitdi. Amma sonra yeni hücumları ilə özləri sübut edirlər ki, bitməmişəm”.