6°C Bakı
1$ = 1.70₼
Hadisə

Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birinə yenidən zərbə endirib

27-oktyabr-2026, 12:02
Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birinə yenidən zərbə endirib
Yazı Ölçüsü:

Rusiya hərbçiləri oktyabrın 26-da axşam saatlarında və oktyabrın 27-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

"PostMedia" xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Zərərçəkənlərin əksəriyyəti Desnyanski rayonunda yerləşən yataqxananın tələbələridir. Həlak olan şəxsin cəsədi isə Dneprovski rayonunda dağıdılmış qeyri-yaşayış binasında xilasedicilər tərəfindən aşkarlanıb. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Rusiya hücumunun hədəfləri arasında Kiyevdə Dnepr çayı üzərindən keçən əsas körpülərdən biri olan Cənub körpüsü də yer alıb.

Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına görə, körpünün keçid hissəsi və üzərində yerləşən metro infrastrukturu zədələnib.

Hadisədən sonra körpüdə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Bundan əlavə, Kiyev metrosunun qırmızı və yaşıl xətlərində hərəkət məhdudlaşdırılıb.

Cənub körpüsü bundan əvvəl də dəfələrlə Rusiya hücumlarına məruz qalıb. Sonuncu belə hadisə oktyabrın 22-də qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyi əvvəlki hücumları təsdiqləyərək, Kiyevdəki bu keçidin Donbasda Ukrayna Silahlı Qüvvələrinin qruplaşmalarının ehtiyacları üçün qoşunların və hərbi yüklərin daşınmasını təmin etdiyini iddia etmişdi.

Bundan başqa, Rusiya hərbçiləri oktyabrın 26-da axşam saatlarında Xarkov şəhərinin Novobavarski rayonuna reaktiv yaylım atəşi sistemləri ilə zərbələr endiriblər.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində fərdi yaşayış evlərinə, çoxmərtəbəli binalara, uşaq təhsil müəssisəsinə, özəl müəssisələrin binalarına və nəqliyyat vasitələrinə ziyan dəyib.

Xarkovdakı hücum nəticəsində iki nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031