İlon Mask yeni elektrik avtomobili "Tesla Roadster"in təqdimatından sonra heyranlığını gizlətməyib.
"PostMedia" xəbər verir ki, şirkətin açıqlamasına görə, avtomobil havaya qalxa və bir saniyədən az müddətdə saatda 97 kilometr sürət yığa bilir.
Texas ştatının Makqreqor şəhərində yerləşən "SpaceX" meydançasında keçirilən tədbirdə şirkətin 55 yaşlı təsisçisi bildirib ki, yeni nəsil "Roadster", əslində, “raket kimi uça”, havada fırlana və digər mürəkkəb hərəkətləri yerinə yetirə bilər. Nümayiş zamanı avtomobil həqiqətən də havaya qalxaraq təsirli manevrlər edib.
“Deməli, işlədi”, – deyə nümayiş uğurla başa çatdıqdan sonra Mask zarafat edib. Onun yanında "Tesla"nın avtomobil istehsalı üzrə vitse-prezidenti Lars Moravi və şirkətin baş dizayneri Frans fon Holts Hauzen olub.
Mask etiraf edib ki, yeni "Roadster" konsepsiyasını ilk dəfə komandasına təqdim edəndə onu dəli hesab edəcəyini düşünürdü. Bununla belə, o, avtomobilin Ceyms Bondun istənilən maşınından üstün olacağına əmindir.
Onun sözlərinə görə, bu nəticə dünyanın ən yaxşı avtomobil istehsalçısı adlandırdığı Tesla ilə ən yaxşı raket şirkəti kimi təqdim etdiyi "SpaceX"ın əməkdaşlığı sayəsində mümkün olub.
“Bu, "Tesla" və "SpaceX" mühəndislərinin böyük əməyinin nəticəsidir. Onlar birlikdə, heç bir filmdə görmədiyiniz bir şey yaratmaq üçün sıx əməkdaşlıq ediblər”, – deyə iş adamı bildirib.
Nümayiş zamanı "Roadster" əyri pandusdan təkərləri yuxarı vəziyyətdə keçib, daha sonra havada fırlanıb.
Avtomobilin salonunda sürücü olmayıb. Mask bunu “kimisə öldürmək istəməməsi” ilə izah edib. "Roadster" quraşdırılmış reaktiv mühərriklərin köməyi ilə yerə enib. Təqdimatın növbəti mərhələsində isə havada çevrilməni xatırladan hərəkət nümayiş etdirib.
Avtomobil yük maşınının və digər "Tesla" modellərinin istiqamətində sürətlənib, sonra təxminən 6,4 metr hündürlüyə qalxaraq havada fırlanıb və yerə enib.
Avtomobilin istehsalına 2028-ci ildə başlanması planlaşdırılır. "Performance" versiyasını sifariş etmək üçün 50 min dollar depozit tələb olunacaq. Dartı sürətləndiriciləri ilə təchiz edilmiş daha bahalı "Thrust" modifikasiyası üçün isə 250 min dollar ilkin ödəniş etmək lazım gələcək.
Təqdimat zamanı Mask avtomobilin yollarda istifadə ediləcəyini bildirib. Lakin sonradan onun qanuni istifadəsinin konkret ölkə və yurisdiksiyaların qanunvericiliyindən asılı olacağını dəqiqləşdirib.
"Roadster"in adi yollarda qanuni şəkildə idarə edilməsinin mümkün olub-olmayacağı barədə tamaşaçının sualını cavablandıran Mask əlavə edib ki, bu, konkret küçədən də asılı olacaq. Bununla belə, onun sözlərinə görə, avtomobil istifadəyə yararlı olacaq.