Təyyarədə baş verən fövqəladə hadisə səbəbindən Səudiyyə Ərəbistanında məcburi eniş edən "Flydubai" aviaşirkətinin reysinin sərnişinləri oktyabrın 1-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı hadisənin təfərrüatlarını danışıblar.
"PostMedia" xəbər verir ki, İsrailin hökumət başçısının ofisinin məlumatına görə, baş nazir Qüdsdəki ofisində fəlakətin qarşısını almağa kömək edən bir neçə sərnişini qəbul edib. Onlar hadisənin səbəbkarının onlardan özünü öldürmələrini xahiş etdiyini bildiriblər.
“Bıçaqla zərbə endirən pilotu qulaqlıq kabeli ilə bağladıq. O, "Məni öldürün" sözlərini təkrarlayırdı. Bununla o, tapşırığı yerinə yetirə bilmədiyini və ölməyə üstünlük verdiyini nəzərdə tuturdu”, — Netanyahu ofisinin şahidlərin sözlərinə istinadən yaydığı açıqlamada deyilir. Onların adları açıqlanmayıb.
Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai təyyarəsi əvvəlcə qısa müddətlik fövqəladə vəziyyət siqnalı verib, daha sonra isə təyyarənin qaçırıldığını bildirmək üçün istifadə olunan kodu göndərib. İlkin məlumatlara görə, ikinci pilot ekipaj komandirinə bıçaqla xəsarət yetirib, daha sonra isə təyyarəni qəzaya uğratmağa cəhd edib. Zərərçəkən Hindistan vətəndaşı olub. Hücum edən şəxsin zərərsizləşdirilməsinə reysin sərnişinləri kömək ediblər. Təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərində məcburi eniş edib, axşam saatlarında isə xilasetmə təyyarəsi sərnişinləri Təl-Əvivə aparıb.