6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ Rusiya neft emalı zavodlarına endirilən zərbələrə görə Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib – FT

12-oktyabr-2026, 00:59
ABŞ Rusiya neft emalı zavodlarına endirilən zərbələrə görə Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib – FT
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kiyevin Rusiya neft emalı zavodlarına (NEZ) zərbələr endirməyə davam edəcəyi təqdirdə Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib.

"PostMedia" xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşrinə avropalı rəsmilər arasında olan mənbələr məlumat veriblər.

Xüsusilə, Vaşinqton nümayəndələri Avropa ölkələrinin Ukrayna ordusu üçün ABŞ silahları aldığı PURL (“Ukraynanın prioritet ehtiyacları siyahısı”) mexanizminin fəaliyyətini dayandırmaqla, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsindən imtina etməklə hədələyiblər.

FT-nin mənbələrinin məlumatına görə, bu cür təhdidlər ötən həftəsonu baş tutan telefon danışıqları zamanı səsləndirilib. “Onlar Kiyevə zəng edirlər... Avropada hamıya zəng edirlər”, – deyə FT-nin həmsöhbətlərindən biri bildirib.

Nəşr qeyd edir ki, amerikalılarla əlaqə saxlayan şəxslər arasında Ukrayna Prezidenti Vladimir Zelenskinin hərbi müşaviri, əvvəllər 93-cü əlahiddə mexanikləşdirilmiş briqadaya komandanlıq etmiş Pavel Palisa da olub. Bununla yanaşı, Ağ Ev zənglərin baş verdiyini rəsmi şəkildə təsdiqləməkdən və təhdidlər barədə məlumatı şərh etməkdən imtina edib.

Oktyabrın 11-də Tramp Rusiya ilə Ukrayna arasında enerji atəşkəsinin başladığını elan etmişdi. “Hər iki tərəf razılaşıb. Bunu pozmayın”, – deyə "Ağ Ev"in rəhbəri “Truth Social” sosial şəbəkəsində yazmışdı. Zelenski isə əvvəlcə belə bir razılaşma barədə ilk dəfə eşitdiyini bildirmiş, lakin daha sonra Ukrayna Silahlı Qüvvələrinə (USQ) Rusiyanın enerji infrastrukturuna zərbələr endirməmək barədə göstəriş verdiyini açıqlamışdı.

Bununla yanaşı, “Axios”un mənbələrinin məlumatına görə, Rusiya hələ Trampın elan etdiyi atəşkəsə razılıq verməyib. “Ruslar bu istiqamətdə düşünürlər. Tezliklə onların buna hazır olub-olmadığını öyrənəcəyik”, – deyə Ağ Evin rəsmisi bildirib.

Eyni zamanda, o, atəşkəsin yalnız tərəflərin bir-birinin neft emalı zavodlarına hücumları dayandırmasını nəzərdə tutduğunu açıqlayıb. Tərəflər zərbələrdən imtina edərlərsə, razılaşma elektrik stansiyalarına və enerji şəbəkələrinə də şamil edilə bilər.

Bununla yanaşı, “Axios”un ukraynalı həmsöhbəti “NEZ-ə qarşı NEZ” sxemini qeyri-bərabər adlandırıb. Onun sözlərinə görə, Rusiyanın geniş neft emalı zavodları şəbəkəsi var, Ukraynanın isə cəmi bir belə zavodu mövcuddur və həmin zavod da tam gücü ilə işləmir.

“Bizə lazımdır ki, ruslar enerji sistemimizə zərbələr endirməyi dayandırsınlar”, – deyə ukraynalı rəsmi vurğulayıb.

Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələr endirməyi dayandırmasına nail olmağa çalışır. Çünki onun fikrincə, bu hücumlar ABŞ-da avtomobil yanacağının qiymətlərinin artmasına səbəb olur.

“Tramp çox qəzəblidir. Ona elə gəlir ki, (Ukrayna Prezidenti Vladimir) Zelenski ABŞ-nin dəstəyini öz-özünə aydın olan, təbii bir hal kimi qəbul edir”, – deyə "Ağ Ev"in “Axios”a danışan mənbəsi bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031