Rusiyanın hostinq provayderlərinə VPN və proksi xidmətlərinin sahiblərinə server təqdim etmək bir il müddətinə qadağan edilə bilər.
Bunun üçün həmin xidmətlərin “Roskomnadzor”un xüsusi reyestrinə daxil edilməsi nəzərdə tutulur.
"PostMedia" xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Hostinq şirkətləri həmçinin müştərilərin şəxsiyyətini müəyyənləşdirməyə və serverlərə hansı məqsədlə ehtiyac duyduqlarını dəqiqləşdirməyə borclu olacaqlar. Məhdudiyyətlər həm fiziki, həm də virtual serverlərə şamil ediləcək.
Bu tədbirlər Rəqəmsal İnkişaf Nazirliyinin kiberdələduzluqla mübarizə üzrə “Antifraud 3.0” dəyişikliklərinin üçüncü paketinə daxil edilib. Sənəd sentyabrın 30-da ictimai müzakirəyə çıxarılıb.
“SecurityLab” qeyd edir ki, “Roskomnadzor”un tələblərini yerinə yetirməyən xidmətlər reyestrə daxil ediləcək. Ekspertlərin sözlərinə görə, layihə Rusiyada bloklanmış resurslara çıxışı təmin edən saytların, şəbəkələrin, informasiya sistemlərinin və proqramların sahiblərinə şamil olunacaq. Bu halda həmin şəxslər “İnformasiya haqqında” qanunun 15.8-ci maddəsinin tələblərini yerinə yetirməlidirlər.
Müştərinin bir Rusiya provayderindən digərinə keçməsi də çətinləşə bilər. Belə ki, hər bir hostinq şirkəti müştərini xüsusi reyestr üzrə yoxlamağa borclu olacaq.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının və ya kritik infrastruktur təşkilatlarının tələbi ilə provayderlər kibertəhlükəyə qarşı mübarizə üçün zəruri olduğu halda müştərinin xidmətlərini dayandırmağa məcbur edilə bilərlər.
Dəyişikliklər paketinin hazırlanması VPN xidmətlərinin növbəti bloklanma dalğası fonunda həyata keçirilir. Rusiya Dövlət Dumasına keçirilən seçkilər başa çatdıqdan sonra ən azı 10 Rusiya VPN xidməti müxtəlif məhdudiyyətlərlə üzləşib. Bir həftə ərzində yeddi provayder istifadəçilərə xidmətlərdə fasilələrin yarana biləcəyi barədə xəbərdarlıq edib.
VPN xidmətlərindən biri “Hər gün eyni anda bir neçə serverimiz məhdudiyyətlərə məruz qalır”, – deyə bildirib. Digər layihənin komandası isə “Roskomnadzor”un onların bütün xarici serverlərini blokladığını açıqlayıb.
“Staxanovets” şirkətinin texniki direktoru Sergey Şerbakov VPN xidmətlərinin yay aylarında stabil işləməsinin müvəqqəti xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, operatorlar genişmiqyaslı bloklamalardan xidmətlərin keyfiyyətinin məqsədli şəkildə aşağı salınmasına keçmək üçün kifayət qədər statistika toplayıblar.