6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Neft tranzitindən yaşıl enerji dəhlizinə: Azərbaycan üçün yeni iqtisadi imkanlar

08-oktyabr-2026, 17:43
Neft tranzitindən yaşıl enerji dəhlizinə: Azərbaycan üçün yeni iqtisadi imkanlar
Yazı Ölçüsü:
Yaşıl enerji Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın perspektivli istiqamətlərindən birinə çevrilir. Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə Azərbaycanın Qazaxıstan və Özbəkistanla birgə “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində çalışdığını bildirib. Dövlət başçısı ölkəmizin Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit rolunu vurğulayıb, bərpa olunan enerji sahəsində əməkdaşlığın da genişləndirildiyini qeyd edib.
"PostMedia" xəbər verir ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə həyata keçirməyi nəzərdə tutduğu “Xəzər Yaşıl Enerji Dəhlizi” Mərkəzi Asiyada istehsal olunan yaşıl elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Avropa bazarlarına çatdırılmasını hədəfləyir.
Layihənin reallaşdığı təqdirdə, Azərbaycan ənənəvi neft-qaz tranzitində qazandığı mövqeyi elektrik enerjisi sahəsində də genişləndirə, Mərkəzi Asiya ilə Avropa arasında regional enerji qovşağı rolunu gücləndirə bilər. Bununla yanaşı, belə bir dəhlizin qurulması böyük investisiyalar, elektrik şəbəkələrinin yenilənməsi və enerji təchizatının sabitliyinin təmin olunmasını tələb edir. Bəs layihə hazırda hansı mərhələdədir, Azərbaycana hansı iqtisadi imkanları aça bilər?
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev bildirib ki, “Xəzər Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırmanın 2027-ci ilin mayında tamamlanması nəzərdə tutulur. İtaliyanın CESI şirkətinin tərəfdaşları ilə birgə hazırladığı tədqiqat Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir:
“Layihə Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin Xəzər dənizi vasitəsilə Azərbaycanın enerji sistemi ilə əlaqələndirilməsini, eləcə də yaşıl elektrik enerjisinin ölkəmiz üzərindən Avropa bazarlarına ötürülməsini nəzərdə tutur”.
Onun sözlərinə görə, elektrik enerjisinin ötürüləcəyi dəqiq marşrut texniki-iqtisadi əsaslandırmanın nəticələri əsasında müəyyənləşdiriləcək.
K. Hacıyev qeyd edib ki, Azərbaycan layihədə Mərkəzi Asiya ilə Avropa arasında yaşıl elektrik enerjisinin ötürülməsini təmin edən regional qovşaq rolunu oynayacaq. Dəhliz ölkəmizdə istehsal olunan yaşıl elektrik enerjisinin də Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər.
Agentlik rəsmisinin sözlərinə görə, layihənin həyata keçirilməsi bərpa olunan enerji istehsalına və elektrik şəbəkəsi infrastrukturuna yeni investisiyaların cəlb edilməsinə təkan verə bilər. Elektrik enerjisinin ixracı və tranziti əlavə gəlirlərin əldə olunması, yeni iş yerlərinin yaradılması və yerli xidmət sahələrinin inkişafı üçün imkanlar aça bilər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft-qaz analitiki İlham Şaban bildirib ki, yaşıl enerji ixracı planları Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan kabel layihəsi ilə də əlaqəlidir. Onun sözlərinə görə, Azərbaycan həmin layihədə iştirak etməklə elektrik enerjisini Rumıniya və Macarıstan bazarlarına çıxarmağı hədəfləyir:
“Energetika Nazirliyinin açıqlamasına əsasən, bu marşrut üzrə elektrik enerjisinin ixracına 2032-ci ildən başlanması gözlənilir. İxrac gücünün isə 2040-cı ilədək üç mərhələdə 3900 MVt-a çatdırılması planlaşdırılır”.
Ekspert ötən il Gürcüstan və Türkiyə üzərindən Bolqarıstana elektrik enerjisinin ixracına dair razılaşma əldə olunduğunu da xatırladıb.
İ. Şaban yaşıl enerji dəhlizlərinin yaradılmasında iki əsas riskə diqqət çəkib. Bunlardan biri layihələrin böyük kapital qoyuluşu tələb etməsi və ötürmə infrastrukturunun yenilənməsinə ehtiyac olmasıdır. Onun hesablamasına görə, Qara dənizin dibi ilə keçəcək kabel layihəsinə təxminən 4–5 milyard dollar investisiya tələb olunur.
Digər risk isə külək və günəş enerjisi istehsalının hava və iqlim şəraitindən asılılığıdır. Analitik bildirib ki, istehsalın uzunmüddətli sabitliyini proqnozlaşdırmaq asan deyil. Bu qeyri-müəyyənlik investisiyaların geri qaytarılma müddətinə də təsir göstərə bilər. Onun sözlərinə görə, bu səbəbdən yaşıl enerji dəhlizlərinin mərhələli şəkildə istifadəyə verilməsi gündəmdədir.
İqtisadçı Natiq Cəfərli Azərbaycanın günəş və külək enerjisi potensialının yüksək olduğunu, coğrafi şəraitin bu sahələrin inkişafına imkan verdiyini bildirib. O, Avropa İttifaqının da regiondan yaşıl enerji tədarükündə maraqlı olduğunu qeyd edib:
“Bu istiqamətin inkişafı ölkəyə yeni texnologiyaların gətirilməsi və investisiyaların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
İqtisadçının fikrincə, belə layihələrin həyata keçirilməsi yeni iş yerlərinin yaradılmasına və əlavə gəlir mənbələrinin formalaşmasına da töhfə verə bilər.
“Xəzər Yaşıl Enerji Dəhlizi” Azərbaycana Mərkəzi Asiyada istehsal olunan elektrik enerjisinin tranzitində iştirak etmək və öz yaşıl enerji istehsalını ixrac bazarlarına yönəltmək imkanı yarada bilər. Layihənin mümkün faydaları tranzit və ixrac gəlirləri ilə yanaşı, yeni investisiyaları, iş yerlərini və enerji infrastrukturunun inkişafını da əhatə edir.
Bu imkanların reallaşması isə layihənin texniki və maliyyə baxımından əsaslandırılmasından, şəbəkələrin ötürmə imkanlarından və enerji təchizatının etibarlılığından asılı olacaq. Böyük həcmdə sərmayəyə ehtiyac və günəş-külək enerjisi istehsalının dəyişkənliyi planlaşdırmada nəzərə alınmalı əsas amillərdəndir. İlham Şabanın qeyd etdiyi mərhələli icra yanaşması da bu baxımdan əhəmiyyət daşıyır.
Dəhlizin dəqiq marşrutu və iqtisadi səmərəliliyi texniki-iqtisadi əsaslandırma tamamlandıqdan sonra daha aydın qiymətləndirilə biləcək.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031