ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası qarşıdakı həftələrdə, o cümlədən noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması variantlarını müzakirə ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə NBC öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ötən həftə Kemp-Deviddə keçirilən müşavirə zamanı administrasiya nümayəndələri ABŞ-ın İrana və Yəməndəki husilərə qarşı strategiyasını müzakirə ediblər. Görüşdən sonra ABŞ hərbçiləri Trampa əməliyyatların yeni variantlarını təqdim ediblər, lakin yekun qərar hələ qəbul edilməyib.
“Vəziyyət iki ssenari üzrə inkişaf edə bilər — asan və ya mürəkkəb. Prezident Trampın əlində bütün üstünlüklər var və o, ABŞ-ın maraqlarına uyğun olan hər şeyi edəcək”, — deyə Ağ Evin nümayəndəsi telekanala bildirib.
NBC qeyd edir ki, genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasının vaxtı hələ dəqiq deyil. Eyni zamanda, Tramp ABŞ silah arsenalının bəzi əsas növləri üzrə ehtiyatların azalmasını da nəzərə almalı olacaq.
Çərşənbə günü The Atlantic iki ABŞ mənbəyinə istinadən yazıb ki, Ağ Ev Pentaqona ABŞ-da keçiriləcək aralıq seçkilərdən əvvəl İrana zərbələr endirmək üçün variantlar hazırlamağı tapşırıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb, İran tərəfi isə buna cavab zərbələri ilə qarşılıq verib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıblar, lakin daha sonra tərəflər yenidən qarşılıqlı zərbələr endiriblər. Hazırda münaqişə həll olunmamış qalır.