Yalnız Madaqaskarda yaşayan indri lemurları mahnı oxuyarkən peşəkar opera müğənnilərinin texnikasına təəccüblü dərəcədə bənzəyən qeyri-adi üsuldan istifadə edirlər.
"PostMedia" xəbər verir ki, bu qənaətə Uorvik Universitetinin tədqiqatçıları vəhşi indriların oxumasını əks etdirən videoları araşdırdıqdan sonra gəliblər.
Alimlər səsin yüksəkliyi ilə heyvanların ağız hərəkətləri arasında birbaşa əlaqə müəyyən ediblər: nota nə qədər yüksəkdirsə, indri ağzını bir o qədər geniş açır. Tədqiqatın nəticələri “PLOS Computational Biology” jurnalında dərc olunub.
İndri (Indri indri) elmə məlum olan lemur növləri arasında mürəkkəb vokal ifadan istifadə edən yeganə növdür. Onların uzun və melodik səsləri Madaqaskarın tropik meşələrində böyük məsafələrə yayılır. Heyvanlar bu səslər vasitəsilə qrup daxilində əlaqəni qoruyur, həmçinin qonşu qruplara ərazilərində olduqları barədə xəbərdarlıq edirlər.
İnsanlarda da peşəkar müğənnilər səsin yüksəkliyi artdıqca ağızlarını daha geniş açırlar. Bu, səs yollarının rezonansını səsin harmoniklərinə uyğunlaşdırmağa və yüksək notları daha güclü səsləndirməyə kömək edir. Bu mexanizm formantların tənzimlənməsi adlanır.
Alimlər hesab edirlər ki, oxşar prinsip indriların sıx meşə örtüyü arasından səslərini böyük məsafələrə çatdırmasına kömək edə bilər.
Tədqiqatçılar 19 vəhşi indriyə aid 83 videonu təhlil ediblər. Hərəkətlərin izlənməsi texnologiyasından istifadə edərək heyvanların üst və alt dodaqlarının vəziyyətini kadr-kadr qeydə alıb, daha sonra ağız genişliyindəki dəyişiklikləri səs tezliyindəki dəyişikliklərlə müqayisə ediblər.
“Tədqiqat zamanı hər dəfə indrilərin oxuduğu notun yüksəkliyi artanda heyvanın ağzını tədricən daha geniş açdığını müşahidə etdik”, – deyə tədqiqatın həmmüəllifi, Uorvik Universitetinin əməkdaşı Kiara De Qreqorio bildirib.
Tədqiqatın ilk müəllifi, Turin Universitetinin alimi Filippo Karuqati bildirib ki, bu texnologiya tədqiqatçılara heyvanların yalnız çıxardığı səsləri deyil, həm də üz və ağız hərəkətlərini demək olar ki, kadr-kadr öyrənməyə imkan verib.
Xüsusilə maraqlıdır ki, insanlar və indrilar təkamül ağacında təxminən 74 milyon il əvvəl ayrılıblar. Bu səbəbdən alimlərin fikrincə, aşkar edilən oxşarlıq böyük ehtimalla konvergent təkamülə – bir-biri ilə əlaqəsi olmayan növlərdə oxşar problemlərə cavab olaraq oxşar həllərin müstəqil şəkildə formalaşmasına nümunədir.