Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polislə birgə keçirdikləri nəzarət tədbiri zamanı qanunsuz heyvan kəsimi faktını aşkar ediblər.
"PostMedia" Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, nəzarət tədbiri qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə polis əməkdaşları ilə birgə keçirilib.
Müəyyən edilib ki, bir şəxsin yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normaları pozulmaqla, antisanitar şəraitdə qanunsuz heyvan kəsimi təşkil olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.

