6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Vəkillər Kollegiyasından 6 vəkil xaric edilib

Vəkillər Kollegiyasından 6 vəkil xaric edilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Vəkillər Kollegiyası 2026-cı ilin yanvar ayından indiyədək 123 iş üzrə intizam icraatı başlayıb, 6 vəkil Kollegiyadan xaric olunub.

"PostMedia" Vəkillər Kollegiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, intizam icraatları fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında başlanılıb. Kollegiyanın Rəyasət Heyəti intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edib.

Qəbul edilən qərarlara əsasən, 6 vəkil Kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib. Daha 27 vəkil barəsində cərimə tətbiq olunub, 2 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb. Bundan əlavə, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Kollegiyanın etik qaydaları və mövcud yanaşması nəzərə alınaraq, barəsində intizam tədbiri görülmüş vəkillərin adları ictimaiyyətə açıqlanmır. Kollegiya hesab edir ki, bu məsələlərdə həm qanunvericiliyin tələblərinə, həm də şəxslərin hüquq və nüfuzunun qorunması prinsipinə riayət olunması vacibdir.

Məlumatda vəkillik peşəsinə marağın son illərdə əhəmiyyətli dərəcədə artdığı vurğulanıb. Son illər ərzində vəkillərin sayı üç dəfədən çox artaraq 3000 nəfəri ötüb. Kollegiyaya müraciət edən yüzlərlə namizəd isə peşəyə marağın davamlı olduğunu göstərir.

Kollegiya həmçinin son günlər bəzi vəkillərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı məlumatların müxtəlif media vasitələrində təqdim edilməsinə münasibət bildirib. Qurumun fikrincə, belə hallarda məlumatların ictimaiyyətə çatdırılması zamanı hüquqi və etik prinsiplərə, xüsusilə şəxsin təqsirsizlik prezumpsiyasına və Konstitusiya ilə təmin olunan hüquqlarına həssas yanaşılmalıdır.

Məhkəmənin qanuni qüvvəyə minmiş yekun hökmü olmadan şəxsin kriminal məzmunlu və yanlış təsəvvürlər yarada biləcək formada təqdim edilməsinin vəkilliyin nüfuzuna ciddi xələl gətirdiyi bildirilib. Kollegiya yekun hüquqi qiymətin yalnız səlahiyyətli məhkəmə tərəfindən verilməli olduğunu vurğulayıb və ayrı-ayrı hallarla bağlı yayılan məlumatların bütövlükdə vəkillik institutunun nüfuzuna kölgə salmamalı olduğunu qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30