6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Xəzər sahilində idarəetməni Əmlak Məsələləri Dövlət Xidməti əlaqələndirəcək

Xəzər sahilində idarəetməni Əmlak Məsələləri Dövlət Xidməti əlaqələndirəcək
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu ərazilərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

"PostMedia" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Xidmət eyni zamanda sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək. Bu məqsədlə onun işçilərinin say həddi 40 ştat vahidi artırılır.

Fərmanda sahilboyu ərazi anlayışına adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər daxil edilmir. Sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də digər xüsusi statuslu ərazilər də bu anlayışdan kənarda qalır.

Nazirlər Kabineti altı ay müddətində İqtisadiyyat Nazirliyinin təklifləri əsasında və beynəlxalq təcrübə nəzərə alınmaqla Prezidentə təkliflər təqdim edəcək. Təkliflər sahilboyu ərazinin xüsusi statusa malik ərazi kimi müəyyən edilməsi, zonalaşdırılması və hüquqi rejiminə, habelə normativ hüquqi bazanın təkmilləşdirilməsinə aiddir.

Digər təkliflər torpaqlara dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrinə dair olacaq.

Nazirlər Kabineti həmçinin su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, onun kağız üzərində və rəqəmsal formada qrafik təsvirini altı ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq edəcək.

İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, habelə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasını nəzərdə tutan təklifləri altı ay müddətində Prezidentə təqdim edəcək.

Sahilboyu ərazidə torpaqların dövlət idarəetməsi, o cümlədən istifadəyə (icarəyə) verilməsi Xidmət tərəfindən "bir pəncərə" prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. İqtisadiyyat Nazirliyi görülmüş işlər barədə ildə bir dəfə Prezidentə məlumat verəcək.

Müşahidə sistemləri, yerlərdə monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işləri, həmçinin Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına dair təkliflər Maliyyə Nazirliyinə təqdim olunacaq. Maliyyə Nazirliyi isə fərmanın icrasından irəli gələn məsələlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı tədbirlər görəcək.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30