6°C Bakı
1$ = 1.70₼
Sosial

Deputat: "2027-ci ildə pensiyaların təqribən 7,5 % indeksləşdirilməsi nəzərdə tutulur"

Deputat: "2027-ci ildə pensiyaların təqribən 7,5 % indeksləşdirilməsi nəzərdə tutulur"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, 2027-ci ilin büdcə layihəsində pensiyaların təqribən 7,5 % indeksləşdirilməsi üçün 575,5 milyon manat nəzərdə tutulur.

"PostMedia" "Pravda.az"a istinadən xəbər verir ki, deputat bu fikirləri pensiya və müavinət artımlarının yüksək rütbəli məmurların əməkhaqları ilə müqayisə edilməsindən bəhs edərkən səsləndirib.

Muradovun sözlərinə görə, pensiya və müavinətlərin artırılması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. O, məsələyə ayrı-ayrı vəzifələr üzrə əməkhaqqı dəyişiklikləri ilə müqayisədə daha geniş hüquqi və iqtisadi çərçivədə yanaşmağın vacibliyini vurğulayıb. Çünki dövlət qulluqçularının əməyinin ödənilməsi və pensiya təminatı fərqli qanunvericilik mexanizmlərinə əsaslanır.

Deputat qeyd edib ki, 2026-cı ildə rəhbər vəzifələr üzrə müəyyənləşdirilmiş yeni maaşlara əvvəlki vəzifə maaşları, əlavələr və digər ödənişlər daxil edilib. Buna görə açıqlanan məbləğləri bütövlükdə əlavə artım kimi qiymətləndirmək iqtisadi baxımdan düzgün deyil.

Muradov xatırladıb ki, "Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinə əsasən, pensiyaların sığorta hissəsi ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. "2026-cı ildə pensiyalar 9,3 % artırılıb, oktyabrın 1-nə orta aylıq pensiya 596 manata çatıb", — deyə o bildirib. Yekun artım faizi isə 2026-cı ilin faktiki əməkhaqqı göstəricilərinə əsasən müəyyənləşdiriləcək.

Deputatın sözlərinə görə, pensiya sisteminin maliyyə dayanıqlılığı baxımından da müsbət göstəricilər var. 2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 9,22 milyard, xərclərinin isə 9,27 milyard manat olacağı proqnozlaşdırılır. Gəlirlərin 7,6 milyard manatının, yəni 82,3 %-nin məcburi sosial sığorta haqları hesabına formalaşması nəzərdə tutulur. Bu daxilolmaların 67,5 %-i qeyri-büdcə sektorunun payına düşür.

Gəlir və xərclər arasındakı 52 milyon manatlıq fərqin əvvəlki illərin ehtiyatları hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Fondun 2027-ci il xərclərinin 96,5 %-i, yəni 8,95 milyard manatı birbaşa əhaliyə ödənişlərə yönəldiləcək. Bunun 8,67 milyard manatı pensiyalara, 280,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinətlərə ayrılacaq. Müavinətlər üzrə xərclərin 2026-cı ilin gözlənilən icrası ilə müqayisədə 45,3 % artırılması proqnozlaşdırılır.

Muradov büdcə proqnozlarında uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata, üç yaşınadək uşağa qulluq üzrə aylıq müavinətin isə 100 manata çatdırılması imkanlarının əksini tapdığını deyib. Lakin o, bu məbləğlərin hələ qüvvəyə minmiş yeni ödəniş normaları kimi qiymətləndirilməməli olduğunu vurğulayıb. Onların tətbiqi müvafiq hüquqi qərarların qəbulundan asılıdır.

Parlament üzvü bildirib ki, altıncı sosial islahat paketi üçün 2027-ci ilin büdcəsində maliyyə təminatının nəzərdə tutulması bu istiqamətdə növbəti addımların planlaşdırıldığını göstərir. Onun fikrincə, sosial siyasətin nəticələri yalnız nominal artım faizləri ilə ölçülməməlidir.

"Əsas iqtisadi meyar pensiya və müavinətlərin əhalinin real alıcılıq qabiliyyətinə təsiri, həmin artımların inflyasiya şəraitində öz dəyərini qoruması və uzunmüddətli maliyyə imkanları ilə uzlaşmasıdır", — deyə Muradov əlavə edib.

Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30