Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib.
"PostMedia" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər.
Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını birləşdirdiyi proqramda Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, "Nirvana" və "Rammstein" qruplarının, həmçinin digər sənətçilərin əsərlərini və musiqi hitlərini özünəməxsus tərzdə ifa edib.
Skripkaçı səhnədə debütünü 10 yaşında edib. O, 13 yaşında nüfuzlu "Deutsche Grammophon" ilə müqavilə bağlayan ən gənc sənətçi olub. Təhsilini bitirdikdən sonra Qarrett Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi dirijorlarla işləyib.
Sənətçinin yaradıcılığında xüsusi yer tutan klassik ICONIC albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksəlib. Bu, klassik musiqi üçün müstəsna nailiyyət sayılır.
Albom eyni zamanda "Golden Record" və "İlin bestselleri" nominasiyalarında "Opus-Klassik 2023" mükafatlarına layiq görülüb. Qarrett bu klassik repertuarla beynəlxalq turneyə çıxaraq 5 qitədə 113 konsert verib.



