6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Hava limanlarında VİP salonlardan istifadə hüququ olanların siyahısı dəyişib

Hava limanlarında VİP salonlardan istifadə hüququ olanların siyahısı dəyişib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Nazirlər Kabineti hava limanlarındakı VİP salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edib, siyahıya daxili hava daşımaları üzrə Naxçıvan Muxtar Respublikasının bir sıra vəzifəli şəxsləri daxil edilib.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib. Qərar 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli qərarda dəyişiklik edir və Baş nazir Əli Əsədov tərəfindən 3 noyabr 2026-cı il tarixdə 369 nömrə ilə imzalanıb.

Vəzifəli şəxslərin siyahısının 41-ci hissəsindən "Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri" sözləri çıxarılıb.

Siyahıya yeni 41-1-ci hissə əlavə olunub. Bu hissə daxili hava daşımaları üzrə aşağıdakı şəxsləri əhatə edir: Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin köməkçisi, Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi və Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəisi.

Siyahıda həmçinin Naxçıvan hərbi prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanı və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri var. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri və Naxçıvan Dövlət Universitetinin rektoru da siyahıya daxildir.

Hava limanlarında VİP və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydalarının 3.9-cu bəndində də dəyişiklik edilib. Bənddəki "Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatı rəhbərinin" sözləri "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavininin" sözləri ilə əvəz olunub.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30