Aktyor Deyv Batista "God of War" serialında Kratos rolunu canlandırmazdan əvvəl 20 funt (təxminən 9 kq) əzələ kütləsi qazandığını açıqlayıb.
"PostMedia" xəbər verir ki, aktyor bu barədə "Instagram" səhifəsində hekayə paylaşımında bildirib.
Batista videoya "Gained 20 lbs for GOW" yazısını və "250" stikerini əlavə edib. Stiker onun hazırkı çəkisini, yəni 250 funtu (təxminən 113 kq) göstərir. Aktyor paylaşımda "God of War" futbolkasında görünür.
"Guardians of the Galaxy" filminin ulduzu dəyişimindən son dəfə iki ay əvvəl danışmışdı. O zaman çəki məşqlərinə yenidən başladığını, amma lazım olan formaya çatmaq üçün hələ vaxtı olduğunu demişdi.
Batista Kratos roluna avqustda təsdiqlənib. Əvvəlcə bu rola Rayan Hörst seçilmişdi, lakin o, çəkiliş meydançasında zədə alıb və "Prime Video" onu əvəz edib. Hörstun biceps əzələsi qopub və əməliyyat tələb olunub. Bu, çəkilişləri 2027-ci ilə qədər uzada bilərdi.
Çəkilişlərə fevralda Vankuverdə start verilib. Hörstun iştirak etdiyi bütün səhnələr indi Batista ilə yenidən çəkiləcək.
Serial "God of War" video oyununun son iki hissəsinin süjetinə əsaslanacaq. Orada Kratos on yaşlı oğlu Atreusu (Kalum Vinson) tərbiyə edir və Skandinav panteonunun tanrılarına qarşı mübarizə aparır.
Serialın rəsmi təsvirində deyilir: "Ata və oğul Kratos və Atreus həyat yoldaşı və anaları Feyin külünü səpmək üçün səyahətə çıxırlar. Macəraları boyunca Kratos oğluna daha yaxşı tanrı olmağı öyrətməyə çalışır, Atreus isə atasına daha yaxşı insan olmağı öyrətməyə".
"Prime Video" "God of War" üçün iki sezonluq sifariş verib. Hər iki sezon ardıcıl çəkiləcək.
Batista "My Spy", "Knock at the Cabin", "The Wrecking Crew" və digər filmlərdə rol alıb. Növbəti dəfə o, "Road House 2" və "Highlander" filminin yeni versiyasında görünəcək.
Foto: Variety