ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) “ShinyHunters” haker qruplaşmasının FBIJobs.gov portalını sındırması və qurum əməkdaşlarının, o cümlədən agentlərin şəxsi məlumatlarını oğurlaması ilə bağlı iddialarını araşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Büro hələlik məlumat sızmasının konkret olaraq harada baş verdiyini – FTB-nin öz infrastrukturunda, yoxsa portalın fəaliyyətini təmin edən üçüncü tərəf provayderdə – müəyyən etməyib.
“FBI kibercinayətkar qruplaşmanın FBIJobs.gov portalını sındırdığı və FTB əməkdaşlarının şəxsi məlumatlarına çıxış əldə etdiyi barədə iddiasından xəbərdardır”, – qurumun açıqlamasında bildirilib. Büro hadisəni fəal şəkildə araşdırdığını və mümkün riskləri minimuma endirmək üçün portalın fəaliyyətini təmin edən üçüncü tərəf şirkətlərlə əməkdaşlıq etdiyini vurğulayıb.
Məlumat oğurluğu və sonradan şantaj məqsədilə şirkətlərə hücumları ilə tanınan “ShinyHunters” bildirib ki, bazar ertəsi portala giriş əldə edib, daha sonra isə qurumun digər sistemlərinə daxil olub. Qruplaşmanın nümayəndəsi hakerlərin 2-3 terabayt həcmində fayl oğurladığını iddia edib. NBC News bu iddiaların miqyasını təsdiqləyə bilməyib. Hazırda FBIJobs.gov portalına giriş mümkün deyil.
“ShinyHunters”ın məlumatına görə, hücum FTB-nin may ayında qruplaşmanın fəaliyyəti ilə bağlı yaydığı məlumat xarakterli açıqlamaya cavab olaraq həyata keçirilib. Hakerlər həmin açıqlamanı dezinformasiya hesab etdiklərini bildirərək, qurum məlumatı geri götürməsə, oğurladıqları məlumatları bir həftə sonra dərc etməklə hədələyiblər.
FTB-nin kibertəhlükəsizlik üzrə keçmiş direktor müavini, hazırda “Halcyon” şirkətində çalışan Sintiya Kayzer mümkün məlumat sızmasını ciddi təhdid adlandırıb. O bildirib ki, əməkdaşların ev ünvanlarının, həyat yoldaşları barədə məlumatların və digər şəxsi məlumatların açıqlanması agentlərin və onların ailələrinin təhlükəsizliyi üçün risklər yarada bilər.
Bununla yanaşı, Kayzer “ShinyHunters”ın böyük ehtimalla sistemlərə müəyyən səviyyədə giriş əldə etdiyini, lakin bu tip kibercinayətkar qruplaşmaların hücumlarının miqyasını tez-tez şişirtdiyini qeyd edib.
“ShinyHunters” müxtəlif ölkələrdə fəaliyyət göstərən iştirakçılardan ibarət parçalanmış şəbəkədir. Daha əvvəl, sentyabr ayında “Anthropic” şirkəti dekabr ayından etibarən “ShinyHunters”la əlaqəli qrupların onun süni intellekt texnologiyalarından haker hücumları həyata keçirmək məqsədilə istifadə etməyə cəhd göstərdiyini dəfələrlə aşkarladığını və onların fəaliyyətini blokladığını açıqlamışdı.
Kayzerin sözlərinə görə, FBI ilə açıq qarşıdurma ABŞ hüquq-mühafizə orqanlarının qruplaşmaya diqqətini artıra və onun təqibinə yönəldilən resursların artırılmasına səbəb ola bilər. “ShinyHunters” nümayəndəsi hakerlərin bu riski dərk etdiklərini və hücumu hələ may ayından hazırladıqlarını bildirib.