Ermənistan Rusiya ilə münasibətlərdə böhran yaratmaq və ya Moskva ilə bütün əlaqələri qırmaq niyyətində deyil.
"PostMedia" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bəyan edib.
“İnterfaks”ın məlumatına görə, Kostanyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb. O, dekabrın 3-də Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşlə bağlı sualı cavablandırıb.
Nazir müavini bildirib ki, İrəvanın əsas gündəliyi son dövrlərdə Ermənistan-Rusiya münasibətlərində yaranmış problemlərin yenidən nəzərdən keçirilməsidir. Onun sözlərinə görə, bu prosesin məqsədi münasibətləri sağlamlaşdırmaq və gələcək inkişafına nail olmaqdır.
“Dəfələrlə bəyan edildiyi kimi, bizim Rusiya ilə münasibətləri kəsmək, böhran yaratmaq və ya körpüləri yandırmaq niyyətimiz yoxdur”, – deyə Kostanyan vurğulayıb.
O qeyd edib ki, Rusiya Ermənistan üçün mühüm tərəfdaş olaraq qalır.
Ermənistan XİN rəhbərinin müavini ümidvar olduğunu bildirib ki, Rusiyadakı həmkarları da qarşıdakı görüşə eyni tərəfdaşlıq yanaşması ilə hazırlaşırlar və dekabrın 3-də Moskvada keçiriləcək müzakirələr qarşılıqlı tərəfdaşlıq atmosferində baş tutacaq.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin dekabrın 3-də Moskvada görüşü planlaşdırılır. Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyətinin və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.