Balıq və qırmızı kürünü ən təhlükəsiz şəkildə ixtisaslaşmış mağazalardan və iri ticarət şəbəkələrindən almaq olar.
"PostMedia" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Ekspert, Plexanov adına Rusiya İqtisad Universitetinin "Yeni materiallar və texnologiyalar" Ali Mühəndislik Məktəbinin müavini Svetlana Tefikova bildirib ki, ixtisaslaşmış balıq mağazaları və iri ticarət şəbəkələri daha şəffaf şərait təklif edir. Belə yerlərdə satıcıdan veterinariya müşayiət sənədləri və uyğunluq deklarasiyası tələb etmək mümkündür.
Onun sözlərinə görə, bu cür məkanlarda məhsul giriş nəzarətindən keçir, saxlama şəraiti isə datçiklərlə qeyd olunur. "Belə yerlərdə qiymətlər adətən yüksək olur, lakin xarab məhsul almaq riski minimaldır", - deyə ekspert vurğulayıb.
Tefikovanın fikrincə, ərzaq bazarları aralıq mövqe tutur. Rəsmi bazarlarda administrasiya satıcıların sənədlərinin yoxlanılmasını təmin edir, lakin hər tezgaha nəzarət şəbəkə ticarətindəki qədər sərt ola bilməz.
Açıq bazarlarda isə məhsulun təkrar dondurulması ehtimalı yüksəkdir ki, bu da onun keyfiyyətini pisləşdirir. Ekspertin sözlərinə görə, belə yerlərdən yalnız soyuducu vitrinləri olan və yoxlanılmış daimi satıcılardan almaq lazımdır.
Ekspertin tövsiyəsi əsasında qida məhsulu alarkən satıcının sənədlərinə və saxlama şəraitinə diqqət yetirmək, şübhəli görünən məhsuldan imtina etmək vacibdir.