6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

DOST əməkdaşından nazirə açıq məktub: “Ərizə yazmağım üçün təzyiq göstərildi”

DOST əməkdaşından nazirə açıq məktub: “Ərizə yazmağım üçün təzyiq göstərildi”
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yaranmış vəziyyətə görə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə açıq məktub ünvanlayıb.

"PostMedia" xəbər verir ki, o, müraciətində öz ərizəsi ilə işdən ayrılmaq istəmədiyini, lakin əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi barədə məlumatlandırıldığını və bu səbəbdən hüquqi məsələlərin yenidən araşdırılmasını xahiş etdiyini bildirib.

Teymur Hacıyev məktubunda qeyd edib ki, barəsində irəli sürülmüş iddialarla əlaqədar 2026-cı ilin sentyabr ayından etibarən DOST Agentliyində və Nazirlikdə xidməti araşdırmalar aparılıb. Onun sözlərinə görə, araşdırma zamanı əməkdaşlıq edib, yazılı izahatlar verib və mövqeyini əsaslandıran məlumatları təqdim edib. Hacıyev bildirir ki, aparılmış araşdırmalarda ona qarşı irəli sürülən ittihamlar təsdiqini tapmayıb.

Məktub müəllifi əmək müqaviləsinə xitam verilməsi ehtimalının hüquqi əsaslarını mübahisələndirərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186, 187, 70 və 71-ci maddələrinə istinad edib. O hesab edir ki, intizam tənbehinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulan müddətlərə əməl olunmayıb və əmək müqaviləsinə xitam verilməsi zərurəti kifayət qədər əsaslandırılmayıb.

Teymur Hacıyev iddia edir ki, noyabrın 4-də və 5-də ona öz xahişi ilə işdən ayrılması barədə ərizə yazmaq təklif olunub, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi bildirilib. O isə əmək münasibətlərini öz iradəsi ilə dayandırmaq niyyətində olmadığını vurğulayıb.

Açıq məktubda müəllif altı ildən artıq əmək fəaliyyəti ərzində əldə etdiyi peşəkar nəticələrə, müxtəlif təşəkkür və təltiflərə də diqqət çəkib. Bildirib ki, barəsində irəli sürülən iddiaların əmək funksiyalarının icrasına necə təsir etdiyi və hansı konkret xidməti öhdəliyin pozulmasına səbəb olduğu əsaslandırılmayıb.

Hacıyev müraciətində ailəsinin sosial vəziyyətinə də toxunub. O, iki övlad atası olduğunu, övladlarından birinin əlilliyi ilə əlaqədar davamlı reabilitasiya və xüsusi dəstəyə ehtiyac duyduğunu qeyd edib. Əmək münasibətlərinə xitam verilməsinin ailəsinin maddi vəziyyətinə və övladının reabilitasiya imkanlarına mənfi təsir göstərə biləcəyini bildirib.

Teymur Hacıyev nazir Anar Əliyevdən xidməti araşdırmanın nəticələrinin, təqdim etdiyi sübutların və müdafiə arqumentlərinin, intizam tənbehinin tətbiqi müddətlərinə riayət olunmasının, eləcə də əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslarının və mütənasibliyinin yenidən, hərtərəfli və qərəzsiz şəkildə yoxlanılmasını xahiş edib. O, yekun qərar qəbul edilməzdən əvvəl mövqeyini şəxsən nazirə çatdırmaq istədiyini də bildirib.

Qeyd edək ki, açıq məktubda səsləndirilən fikirlər və iddialar müraciət müəllifinin mövqeyini əks etdirir. Məsələ ilə bağlı DOST Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi məktubda yer almır.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30