Rumıniya Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsi və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı Azərbaycan, Ermənistan və Türkiyə ilə danışıqlar aparmağa hazırlaşır.
"PostMedia" xəbər verir ki, bu sözləri Rumıniyanın yeni xarici işlər naziri Dan Neculesku Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərlə söhbət zamanı deyib.
Nazirin sözlərinə görə, Xarici İşlər Şurasının iclasından sonra nazir səviyyəsində ayrıca görüş planlaşdırılır. Görüşin əsas mövzusu Qara dəniz regionu olacaq və tədbirdə Aİ tərəfdaşları da iştirak edəcək.
Neculesku bildirib ki, müzakirələrdə yalnız nəqliyyat əlaqələrinin inkişafı deyil, təhlükəsizlik məsələləri də ön planda olmalıdır. Onun fikrincə, bu məsələlər çox böyük əhəmiyyət kəsb edir və həmkarlarının fikirləri də xüsusilə vacibdir.
Rumıniya xarici işlər naziri qeyd edib ki, Buxarest bu məsələlərin regional tərəfdaşlarla müzakirə edilməsinə xüsusi önəm verir.