Milli Məclisin oktyabrın 30-da keçirilən iclasında "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
"PostMedia" "AZƏRTAC"a istinadən xəbər verir ki, beş fəsil və 14 maddədən ibarət layihənin əsas məqsədi ehtiyacı olan şəxslərin pulsuz hüquqi yardım xidmətlərindən sistemli şəkildə yararlanmasını təmin etməkdir.
Sənədə əsasən, hüquqi yardım iki istiqamətdə göstərilir: ilkin və peşəkar hüquqi yardım. İlkin hüquqi yardım normativ hüquqi aktlar, dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin vəzifələri barədə məlumatlandırmanı, habelə ərizə, şikayət və digər sənədlərin hazırlanmasında köməyi əhatə edir.
Peşəkar hüquqi yardıma isə cinayət işlərində, mülki və inzibati mübahisələrdə, eləcə də digər dövlət orqanlarında şəxsin müdafiə olunması və təmsil edilməsi daxildir.
Pulsuz hüquqi yardımın təşkili Vəkillər Kollegiyasına həvalə olunur. Layihəyə uyğun olaraq paraleqallar institutu da yaradılacaq.
Bundan əlavə, sənəddə pro-bono hüquqi xidmət də nəzərdə tutulub. Buna görə, vəkillər ictimai fayda naminə pulsuz hüquqi yardım göstərilən şəxslərdən ödəniş almadan ildə ən azı 30 saat pulsuz hüquqi yardım göstərməlidirlər.