Romada Tibr çayında suyun səviyyəsinin kəskin azalması nəticəsində “Neron körpüsü” kimi tanınan qədim körpünün qalıqları üzə çıxıb.
“PostMedia” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Tikili Müqəddəs Pyotr bazilikasından çox da uzaqda yerləşir və qədim dövrdə şəhərin mərkəzini çayın sağ sahili ilə birləşdirib.
Son həftələrdə Romada demək olar ki, yağış yağmayıb. Bu isə Tibr çayının axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Şəhər hakimiyyətinin məlumatına görə, çayın su sərfi saniyədə 80 kubmetrədək azalıb ki, bu da iyul ayı üzrə tarixi orta göstəricidən təxminən iki dəfə azdır.
Roma Mədəni İrs İdarəsinin arxeoloqu Antonella Bonini bildirib ki, körpü ənənəvi olaraq imperator Neronla əlaqələndirilir. Qədim dövrdə Neronun sirkinin yerləşdiyi ərazi də məhz burada olub. Rəvayətə görə, həvari Pyotr həmin ərazidə edam edilib.
Bununla belə, mütəxəssislər körpünün Neronun hakimiyyətindən daha əvvəl inşa edildiyini düşünürlər. Bonininin fikrincə, onun tikintisinə Neronun əmisi, imperator Kaliqulanın hakimiyyəti dövründə başlanılıb və körpü artıq eramızın 39-cu ilində mövcud olub.
Roma Mülki Müdafiə Xidmətinin su ehtiyatlarının idarə olunması mərkəzinin koordinatoru Covanni Ciqanti vəziyyəti ciddi su böhranı kimi qiymətləndirib. Onun sözlərinə görə, qış aylarında yağıntılar kifayət qədər çox olsa da, sonradan uzunmüddətli quraqlıq dövrləri yaşanıb.