ABŞ-də məhkəmə Federal Kommunikasiya Komissiyasının (FCC) ABC telekanallarından yayım lisenziyalarının vaxtından əvvəl yenilənməsini tələb edən qərarının icrasını dayandırıb.
”PostMedia” xəbər verir ki, hakim teleşəbəkənin qanunla qorunan söz azadlığı hüququndan istifadə etdiyinə görə “qisas kampaniyası” ilə üzləşdiyi qənaətinə gəlib.
FCC aprel ayında “Disney” şirkətinə məxsus ABC teleşəbəkəsindən mülkiyyətində olan səkkiz telekanalın, o cümlədən Nyu-Yorkdakı “WABC-TV”, Los-Ancelesdəki “KABC-TV” və Çikaqodakı “WLS-TV”nin yayım lisenziyalarının yenilənməsi üçün müraciət etməsini tələb edib.
Komissiyanın bu addımı ABC-nin gecə şousunun aparıcısı Cimmi Kimmelin ABŞ-nin birinci xanımının “dul qalmağı gözləyən qadın kimi parıldadığı” barədə zarafatından bir neçə gün sonraya təsadüf edib. Həmin zarafatdan sonra ABŞ Prezidenti Donald Tramp Kimmelin işdən çıxarılmasını tələb edib.
Çərşənbə günü açıqlanan qərarda hakim Loren Alihan ABC-nin lisenziyaların yenilənməsi prosedurunun ABŞ Konstitusiyasına Birinci Düzəlişə zidd olması ilə bağlı iddiasının təmin olunması ehtimalının yüksək olduğunu bildirib.
“Heç kim Komissiyanın qanunvericiliyi özünün məqsədəuyğun hesab etdiyi şəkildə tətbiq etmək səlahiyyətini şübhə altına almır. Lakin cavabdehlər bunu edərkən bəyənmədikləri fikirlərə görə iddiaçılardan və digər yayım lisenziyası sahiblərindən qisas ala və ya onları cəzalandıra bilməzlər”, – hakim qeyd edib.
Hakim bildirib ki, Tramp ABC-nin redaksiya qərarlarına cavab olaraq dəfələrlə teleşəbəkənin yayım lisenziyalarının ləğvinə çağırıb.
Trampın FCC sədri vəzifəsinə təyin etdiyi Brendan Karrın rəhbərliyi dövründə Komissiya ABC-nin gündüz yayımlanan “The View” tok-şousu və verilişdə siyasi namizədlərlə aparılan müsahibələrlə bağlı araşdırmaya başlayıb.
Karr, həmçinin 2025-ci ilin sentyabrında Kimmelin monoloquna görə ABC-ni hədələyərək “Bunu asan yolla da, çətin yolla da edə bilərik” deyib.
Hakim FCC-nin addımlarından sonra ABC-nin özünüsenzuraya əl atdığı qənaətinə gəlib. Belə ki, “The View” proqramı siyasi namizədlərə bərabər efir vaxtının ayrılması qaydasını pozmaqdan ehtiyat edərək onlarla müsahibələrdən imtina edib. Kimmel isə Texas ştatından ABŞ Senatına Demokratlar Partiyasının namizədi Ceyms Talariko ilə müsahibəsini televiziya efirində yayımlamaq əvəzinə “YouTube” platformasında yerləşdirib.
“Bu işdə ciddi hüquqi tərəddüdə yer yoxdur”, – hakim vurğulayıb.
ABC məhkəmədən lisenziyaların vaxtından əvvəl yenilənməsi prosedurunun dayandırılmasını, həmçinin teleşəbəkənin redaksiya müstəqilliyinə müdaxilə etmək məqsədilə ona qarşı sanksiya hədələri və təzyiqlərlə bağlı istənilən rəsmi və ya qeyri-rəsmi addımın qadağan edilməsini istəyib.
Hakim birinci tələbi təmin edib, ikinci tələbi isə həddindən artıq qeyri-müəyyən olduğu üçün rədd edib.
FCC, həmçinin məhkəmə qadağasının qüvvədə qalması şərti kimi ABC-dən müvafiq təminat məbləğinin ödənilməsini tələb edib. Hakim şirkətin cəmi 1 dollar məbləğində təminat ödəməsi barədə qərar qəbul edib.
“Bugünkü qərar ABŞ Konstitusiyasına Birinci Düzəliş baxımından mühüm qələbədir. Məsələyə diqqətlə yanaşdığına görə məhkəməyə təşəkkür edirik”, – ABC News-un sözçüsü bildirib.
FCC-nin sözçüsü isə məhkəmənin qərarını yanlış adlandırıb.
“Dairə məhkəməsinin ‘Disney’ şirkətinin müvəqqəti məhkəmə müdafiəsi ilə bağlı müraciətini qismən rədd etməsini müsbət qiymətləndirsək də, qərarın şirkətin tələbini təmin edən hissəsi həm faktiki, həm də hüquqi baxımdan yanlışdır. Ali Məhkəmənin məcburi qüvvəyə malik presedentləri bunu açıq şəkildə göstərir. FCC bu işdə tam qələbə qazanacağına ümid edir. Yayımçıların ictimai maraqlara xidmət etmək öhdəliklərinə əməl etmələrini təmin etmək üçün qanuni səlahiyyətlərimizdən istifadə etməyə davam edəcəyik”, – Komissiyanın sözçüsü qeyd edib.
FCC-nin Demokratlar Partiyasını təmsil edən yeganə üzvü Anna Qomes isə məhkəmə qərarının Komissiyanın fəaliyyətində son dərəcə zəruri olan hesabatlılığın təmin edilməsinə töhfə verəcəyini bildirib.
“Bu qərar göstərir ki, FCC kağız pələngdir və öz hüquqlarını müdafiə etməyə hazır olan şəxslərlə üzləşdikdə onun hədələri təsirsiz qalır. Bu cür təzyiqlərlə üzləşən hər bir yayımçı bundan nəticə çıxarmalı və təslim olmaq əvəzinə cəsarət nümayiş etdirməlidir. Çünki əvvəldən dediyim kimi, Konstitusiyaya Birinci Düzəliş onların tərəfindədir”, – Qomes vurğulayıb.