Valideynlərin işdənkənar vaxtlarda mobil telefondan istifadə etməsi məktəbəqədər yaşlı uşaqların nitq inkişafının zəifləməsi ilə əlaqələndirilir.
"PostMedia" "Euronews"a istinadən xəbər verir ki, bu nəticə RISE-Health" tədqiqat mərkəzi və Portuqaliyanın Aveyru Universitetinin birgə apardığı araşdırmada öz əksini tapıb. Tədqiqatda ailədaxili münasibətlərin və rəqəmsal cihazlardan istifadənin məktəbəqədər yaşlı uşaqların fonoloji inkişafına, yəni nitq səslərini qavrama və mənimsəmə bacarıqlarına təsiri öyrənilib.
Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə araşdırmanın nəticələrini açıqlayan mütəxəssislər xəbərdarlıq ediblər ki, valideynlərin işdənkənar saatlarda mobil telefondan istifadə etməsi, uşaqların gecə saatlarında planşetlə vaxt keçirməsi və ailə üzvləri arasında həddindən artıq qarşılıqlı asılılıq uşaqlarda nitq inkişafının ləngiməsi ilə əlaqəli ola bilər.
"RISE-Health"in tədqiqatçısı Mariya İneş Qomeş bildirib ki, uşaqların gündəlik ünsiyyət imkanlarının formalaşmasında valideynlərin rolu olduqca böyükdür.
“Danışmaq, oyun oynamaq, mahnı oxumaq və nağıllar danışmaq uşaqlara müxtəlif situasiyalarda nitq səslərini eşitmək və onlardan istifadə etməyi öyrənmək imkanı yaradır. Eyni zamanda, uşağa cavab vermək və təşəbbüs göstərmək üçün kifayət qədər vaxt ayırmaq da vacibdir”, – deyə tədqiqatçı vurğulayıb.
“Ekranlardan istifadə və ailədaxili münasibətlər uşaqların fonoloji inkişafının proqnozlaşdırıcı amilləri kimi” adlı araşdırmaya Avropa portuqalcasında danışan, 3–5 yaşlı uşaqları olan 93 ailə cəlb edilib.
Araşdırmanın nəticələrinə əsasən, rəqəmsal cihazların uşaqların inkişafı ilə əlaqəsi yalnız ekran qarşısında keçirilən vaxtdan deyil, həm də izlənilən məzmunun növündən və cihazlardan hansı şəraitdə istifadə olunmasından asılıdır.
Mütəxəssislər bildirirlər ki, valideynlərin diqqətinin rəqəmsal cihazlara yönəlməsi uşaqların dil və nitq bacarıqlarının inkişafı üçün mühüm əhəmiyyət daşıyan birbaşa ünsiyyət imkanlarını azalda bilər.
Mariya İneş Qomeşin sözlərinə görə, əldə edilən nəticələr böyüklərin öz rəqəmsal vərdişlərinə yenidən nəzər salmasının vacibliyini göstərir.
“Valideynlər uşaqlarına daha çox vaxt ayırmalı, ekranların müdaxiləsi olmadan onlarla ünsiyyət qurmalı və diqqətlərini uşaqlarına yönəltməlidirlər”, – deyə tədqiqatçı qeyd edib.
Araşdırmada həmçinin müəyyən edilib ki, valideynlərlə uşaqlar arasında həddindən artıq asılı münasibətlər də nitq səslərinin mənimsənilməsi ilə əlaqəli ola bilər.
"RISE-Health" mütəxəssislərinin fikrincə, ailə üzvləri arasında yüksək asılılıqla xarakterizə olunan qapalı münasibətlər uşaqların müstəqilliyini və müxtəlif ünsiyyət situasiyalarında iştirak imkanlarını məhdudlaşdıra bilər. Halbuki belə imkanlar nitq səslərinin məşq edilməsi və mənimsənilməsi üçün vacibdir.
“Böyüklər tez-tez uşağın əvəzinə cavab verdikdə və ya onun nə demək istədiyini əvvəlcədən söylədikdə, uşaq ünsiyyətdə iştirak etmək, fikrini ifadə etmək və müstəqilliyini inkişaf etdirmək üçün daha az imkan əldə edir. Bu isə xüsusilə fonoloji inkişaf baxımından əhəmiyyətlidir”, – deyə Qomeş bildirib.
Tədqiqatın koordinatoru hesab edir ki, yerli idarəetmə orqanları, universitetlər və məktəblərlə əməkdaşlıq çərçivəsində valideynlərə dəstək və rəqəmsal savadlılıq proqramlarının hazırlanması faydalı ola bilər.
Belə proqramlar valideynlərə uşaqların gündəlik rejimini düzgün təşkil etmək, yaşlarına uyğun rəqəmsal məzmun seçmək, elektron cihazlardan istifadəni nəzarətdə saxlamaq, həmçinin birgə oyun və ünsiyyət üçün daha çox vaxt ayırmaq baxımından kömək edə bilər.