6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Hanoyda Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşüb

Prezident İlham Əliyev Hanoyda Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşüb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşüb.

"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Baş nazir Le Minh Hunq Vyetnama rəsmi səfər münasibətilə Azərbaycan Prezidentinə və yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnam Hökuməti adından təbriklərini çatdırıb. O, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətləri qeyd edərək, 1959-cu ilin iyulunda Prezident Ho Şi Minin Azərbaycana səfərinin xalqlar arasında dostluq və əməkdaşlıq ənənəsinin təməlini qoyduğunu bildirib.

Le Minh Hunq vurğulayıb ki, Vyetnam Hökuməti və xalqı milli azadlıq və milli birləşmə uğrunda mübarizə dövründə Azərbaycan xalqının göstərdiyi dəstəyə hər zaman yüksək qiymət verib. Baş nazir 2025-ci ilin mayında Baş katib, Prezident To Lamın Azərbaycana dövlət səfərindən sonra ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib. Onun sözlərinə görə, iki ölkənin hökumətləri nazirliklərə və dövlət qurumlarına liderlərin razılaşmalarının icrası ilə bağlı tapşırıqlar verib və artıq ilkin müsbət nəticə əldə olunub.

Baş nazir 2025-ci ilin iyulunda Hanoyda iqtisadi-ticari, elmi və texniki əməkdaşlıq üzrə Vyetnam-Azərbaycan Hökumətlərarası Komissiyanın üçüncü görüşünün və birgə Biznes Şurasının birinci görüşünün keçirildiyini xatırladıb. O bildirib ki, ikitərəfli ticarət hələ nisbətən aşağı səviyyədədir və sabit artım trayektoriyasına çatmayıb, lakin inkişafa dair ümidverici əlamətlər var. Hər iki ölkənin bərpaolunan enerji, ticarət, daşınmaz əmlak və turizm şirkətləri fəaliyyətə başlayıb.

Prezident İlham Əliyev isə Vyetnamda olmağa şad olduğunu bildirib. "Mənim ölkənizə sonuncu səfərimdən 10 ildən artıq vaxt keçib və mən bir çox dəyişikliklərin şahidiyəm", — deyə dövlətimizin başçısı qeyd edib. O, Vyetnamın sosial-iqtisadi inkişafı və beynəlxalq arenadakı uğurları münasibətilə Baş naziri təbrik edib. Prezident münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edərək, keçən ilki səfərin əlaqələrin inkişafı baxımından həlledici olduğunu deyib və Vyetnam Prezidentinin dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirib.

Dövlətimizin başçısı Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfərinin əziz qonaq kimi qarşılandığını xatırladıb. O bildirib ki, Azərbaycan xalqı Vyetnamın müstəqillik və azadlıq uğrunda mübarizəsini qətiyyətlə dəstəkləyib. İlham Əliyev 2020-ci ildə ərazilərimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı Vyetnam xalqı və Hökuməti tərəfindən eyni həmrəyliyin göstərildiyini, o cümlədən BMT Təhlükəsizlik Şurasında güclü dəstək verildiyini deyib. Ulu Öndər Heydər Əliyevin Vyetnama, Ho Şi Minin isə Azərbaycana səfərlərinin münasibətlərin inkişafında mühüm rol oynadığı da vurğulanıb.

Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığı beynəlxalq təşkilatlarda uğurlu qarşılıqlı fəaliyyətin nümunəsi kimi göstərib. İlham Əliyev 2026-cı ilin oktyabrında Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın AQEM-in Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün Azərbaycana səfərini və onunla apardığı müzakirələri də yada salıb.

Le Minh Hunq Azərbaycanda tezliklə Vyetnamın səfirliyinin açılacağını bildirib. Dövlətimizin başçısı bu addımı yüksək qiymətləndirərək qeyd edib ki, Azərbaycanın Vyetnamda səfirliyi uzun müddətdir fəaliyyət göstərir və diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək. Baş nazir vyetnamlı mütəxəssislərin Azərbaycanda neft sahəsində təhsil aldığını, onların bu gün də Vyetnamın inkişafında mühüm rol oynadığını xatırladıb.

Görüşdə enerji sahəsində əməkdaşlıq müzakirə olunub, xüsusilə Azərbaycanın neft məhsullarının Vyetnama və Vyetnam ərazisindən region ölkələrinə ixrac imkanları, birgə istehsal sahələri ilə bağlı məsələlərə toxunulub. Müdafiə sənayesi, tikinti və turizm istiqamətləri üzrə əməkdaşlıq, ölkələr arasında birbaşa aviareyslərin açılması, Azərbaycan bazarının Vyetnam biznesi üçün cəlbediciliyi də müzakirə mövzusu olub.

Baş nazir Azərbaycanın regionda önəmli mövqeyə malik ölkə olduğunu vurğulayıb. Tərəflər Vyetnamın Azərbaycanın dəstəyi ilə region ölkələri ilə əməkdaşlığının inkişafına dair fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev isə Orta Dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdığını deyərək, Azərbaycanın Vyetnamla əməkdaşlığa hazır olduğunu bildirib.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30