Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"PostMedia" Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Fakt üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.
İstintaqın məlumatına görə, 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq mənzilə daxil olduğuna, üzərindəki qatlanan cib bıçağı ilə Kifayət Məhərrəmovaya çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib. Şübhəli sonra mənzildən təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayıb hadisə yerindən uzaqlaşıb.
Xəyal Məmmədov 22 sentyabr 2026-cı ildə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan olunub.
Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılıb. İttiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.