İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) keçmiş rəhbəri Ronen Bar Baş nazir Benyamin Netanyahuya qarşı böhtan iddiası qaldırıb. O, Netanyahunun 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan bir neçə saat əvvəl təhlükədən xəbərdar olduğu, lakin baş naziri məlumatlandırmadığı barədə açıqlamalarını təkzib edir.
"PostMedia" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Bar 3 milyon şekel (təxminən 975 min ABŞ dolları) təzminat tələb edir. O, məhkəməyə təqdim etdiyi iddiada hücum gecəsi ŞABAK-ın gördüyü tədbirləri və əvvəlki aylarda Netanyahunu məlumatlandırmaq üçün etdiyi xəbərdarlıqları sadalayıb.
Keçmiş xüsusi xidmət rəhbərinin sözlərinə görə, 2023-cü il iyulun 23-də Netanyahu ilə məxfi rabitə vasitəsilə danışarkən ona “müharibə ilə bağlı strateji xəbərdarlıq” edib. Bar bildirib ki, İsrailin düşmənləri ölkədəki daxili siyasi parçalanmanı hücum üçün fürsət hesab edirlər.
O, avqust və sentyabr aylarında da Qəzza zolağından hücum hazırlıqlarının intensivləşməsi, münaqişənin gərginləşməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin zəruriliyi barədə baş nazirə xəbərdarlıq etdiyini iddia edir.
Barın sözlərinə görə, 2023-cü il oktyabrın 1-də o, terror qruplaşmalarının hücum planlarının intensivləşdiyini bildirib və əsas terrorçu liderlərin hədəfli şəkildə məhv edilməsini təklif edib. Lakin onun iddiasına görə, bu təklif həyata keçirilməyib.
Bununla yanaşı, Bar kəşfiyyatın uğursuzluğuna görə öz məsuliyyətini də qəbul edib. O bildirib ki, ŞABAK HƏMAS-ın hücumunun hazırlanması və vaxtı barədə lazımi məlumatları tam şəkildə əldə edə bilməyib. Keçmiş rəhbər məhz bu səbəbdən istefa verdiyini və məsuliyyətdən yayınmağa çalışmadığını vurğulayıb.
Bar əvvəllər xüsusi xidmətin fəaliyyətindəki səhvlərin dövlət istintaq komissiyası tərəfindən araşdırılacağını gözlədiyini, lakin Netanyahunun yeni ittihamlarından sonra məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirib.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu nəticəsində təxminən 1 200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Hücum İsrail ilə HƏMAS arasında müharibənin başlanmasına səbəb olub.