Dünyaca məşhur təbiət abidəsi səhlənkar turistlər səbəbindən təhlükə ilə üzləşib. Ekoloqlara bazalt sütunlarının arasına uğur gətirməsi üçün atılmış minlərlə sikkəni çıxarmaq üçün 200 saatlıq diqqətli iş lazım olub.
"PostMedia" əbər verir ki, bu barədə "The Post" məlumat yayıb.
Şimali İrlandiyanın Antrim qraflığında yerləşən Nəhənglər yolu 40 mindən çox nəhəng bazalt sütunundan ibarət unikal ərazidir. Bu landşaft təxminən 60 milyon il əvvəl lavanın soyuması nəticəsində formalaşıb. Lakin milyonlarla il ərzində təbii proseslərə davam gətirən bu möhtəşəm ərazi indi turistlərin axını ilə yeni problemlə üzləşib.
Turistlər illərdir sikkələri bazalt sütunlarının çatlarına yerləşdirirlər. Dənizdən gələn rütubətli və duzlu hava isə bu adəti ekoloji problemə çevirib. Metal paslanaraq daşın daxilində genişlənir və unikal süxura dağıdıcı təzyiq göstərir.
Şimali İrlandiya Geoloji Xidmətinin narahatedici hesabatından sonra Milli Fond genişmiqyaslı xilasetmə işlərinə başlayıb. İşlərə xüsusi kəlbətin və tutacaqlardan istifadə edən peşəkar daş ustası Neytan Morrou da cəlb olunub.
Bəzi sikkələri çıxarmaq asan olub, lakin dərinə ilişmiş sikkələrin hər birinin çıxarılması bəzən 20 dəqiqəyə qədər vaxt aparıb. Ümumilikdə qayalardan təxminən 10 min sikkə, yəni 20 kiloqrama yaxın metal tullantı çıxarılıb.
Lakin bu "xəzinə" heç bir maliyyə faydası gətirməyib. Dəniz suyundakı duzun təsiri nəticəsində çıxarılan sikkələrin 95%-i yararsız, paslı metala çevrilib. Tapılan ən qədim sikkə 1999-cu ilə aid olub.
Vəziyyətin daha da mürəkkəbləşdirən məqam odur ki, bütün sikkələri çıxarmaq mümkün deyil. Onların bir hissəsi qayaların dərinliklərinə yerləşib və həmin sikkələri çıxarmağa cəhd etmək UNESCO tərəfindən qorunan təbiət abidəsinə zərər vura bilər.
Turistlər görməli yerə zərər vurmaqda davam edirlər. Genişmiqyaslı təmizləmə işlərindən cəmi bir ay sonra əməkdaşlar qayaların çatlarında daha 42 yeni sikkə aşkarlayıblar.
Hazırda Milli Fond ərazidə xəbərdarlıq lövhələri quraşdırıb və turistləri pulları qayaların çatlarına yerləşdirmək əvəzinə xeyriyyə qutularına atmağa çağırır.