6°C Bakı
1$ = 1.70₼
ENERGETİKA

Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya “yaşıl” elektrik enerjisi ixrac etməyi planlaşdırır

Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya “yaşıl” elektrik enerjisi ixrac etməyi planlaşdırır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Qazaxıstan Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabeli vasitəsilə Azərbaycandan keçməklə Avropaya “yaşıl” elektrik enerjisi ixrac etməyi planlaşdırır.

“PostMedia” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.

“Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyadan, o cümlədən Qazaxıstandan Azərbaycan vasitəsilə Avropaya “yaşıl” elektrik enerjisinin ixracı üçün Xəzər dənizinin dibi ilə dərin sualtı enerji kabeli çəkməyi planlaşdırırlar. Layihə üzrə işlər artıq fəal şəkildə davam etdirilir. Bu, çox güman ki, fiber-optik rabitə xəttindən sonra bizim ikinci Transxəzər infrastruktur layihəmiz olacaq”, – səfir Qazaxıstanın Azərbaycandakı səfirliyinin teleqram kanalında yayımlanan müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, Qazaxıstan Prezidenti ölkədə elektrik enerjisi profisitinin təmin edilməsi ilə bağlı tapşırıq verib.

“Həm süni intellekt və öz sənayemizin inkişafı, həm də elektrik enerjisinin ilk növbədə Avropa istiqamətində ixracı üçün kifayət qədər enerjimiz olacaq”, – Bayel bildirib.

Səfir, həmçinin Qazaxıstan və Azərbaycanın xammal ixracından onun emalına keçməli olduqlarını qeyd edib.

“Neft-kimya sahəsində və daha yüksək əlavə dəyərə malik məhsulların birgə istehsalında böyük potensial mövcuddur”, – diplomat vurğulayıb.

Bayel əlavə edib ki, Qazaxıstan xarici investorlar və podratçılar üçün açıqdır.

“Buna görə də Azərbaycan şirkətlərini Qazaxıstanda gözləyirik. Elektrik stansiyalarının tikintisini də nəzərdə tutan bu genişmiqyaslı quruculuq işlərinə milyardlarla dollar vəsait sərf olunacaq. Ümumilikdə isə energetika sahəsində əməkdaşlıq perspektivləri olduqca genişdir”, – səfir qeyd edib.

Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov daha əvvəl “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizinin 2032-ci ildə istismara verilməsinin gözlənildiyini açıqlayıb.

Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş 2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində üç ölkənin dövlət başçıları tərəfindən imzalanıb.

Üç ölkənin enerji sistemlərinin operatorları – “Azərenerji” ASC, Qazaxıstan Elektrik Şəbəkələrinin İdarə Edilməsi Şirkəti (KEGOC) və “Özbəkistan Milli Elektrik Şəbəkələri” ASC “Mərkəzi Asiya – Azərbaycan” enerji dəhlizi layihəsinin həyata keçirilməsi məqsədilə “Green Corridor Alliance” birgə müəssisəsini yaradıblar.

Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabeli Mərkəzi Asiyadan Xəzər və Qara dənizlər vasitəsilə Avropaya uzanan enerji körpüsünün tərkib hissəsi olacaq.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30