Dolli Partonun əmlakını idarə edən şirkət müğənninin qardaşı oğlu və keçmiş təhlükəsizlik rəhbəri Brayan Siverə qarşı qaldırdığı iddiadan imtina edib.
"PostMedia" "People" jurnalına istinadən xəbər verir ki, Partonun avqustun 25-də vəfatından sonra onun biznes maraqlarına nəzarət etmək üçün yaradılan "She's Alive, LLC" şirkəti noyabrın 5-də Tennessi ştatının məhkəməsinə iddianın könüllü dayandırılması barədə bildiriş təqdim edib.
İddiadan imtina təkrar müraciət hüququ saxlanılmaqla edilib. Yəni şirkət işi yenidən məhkəməyə verə bilər. Şirkəti Partonun uzun illik meneceri Deni Nozell idarə edir. Siver isə 20 ildən artıq xalasının təhlükəsizlik rəhbəri işləyib və sentyabrda işdən çıxarılıb.
Siverin vəkili açıqlamasında bildirib ki, müvəkkili mübahisəni arxada qoymaqdan məmnundur və ailənin sakitcə yas tutmasını istəyir.
"Cənab Siver xalası Dolli, onun musiqisi, ailəsi və qoyub getdiyi böyük irs barədə dərindən qayğı çəkir. O, xalası sağ ikən karyerasını onu qorumağa həsr edib və Dolliyə, bütün ailəsinə sadiq qalır", — deyə vəkil bildirib.
Bəyanatda həmçinin qeyd olunub ki, Siver anlaşılmazlığın arxada qaldığına görə minnətdardır və Partonun irsinin toxunulmaz qalmasını istəyir.
Mübahisə "She's Alive" şirkətinin Siveri təşkilata və Partonun biznes maraqları ilə bağlı şəxslərə hədə-qorxu gəlməkdə ittiham etməsindən sonra başlayıb. Şirkətin iddiasına görə, o, hərbi keçmişinə istinad edərək hədələyici sözlər işlədib və davranışı bir neçə əməkdaşın işdən çıxmasına səbəb olub. Siver həmçinin podkast vasitəsilə Partonun brend tərəfdaşlıqlarına zərər vurmaqla hədələməkdə ittiham edilib.
Siver isə kimisə hədələdiyini rədd edib. O, Nozellə şəxsi yazışmalarında söyüş işlətdiyini etiraf etsə də, bu mesajların məhkəmə sənədlərində kontekstdən çıxarılaraq təqdim edildiyini deyib. Siver onların ünsiyyətini son nəticədə dostcasına xarakterizə edib.
Oktyabrın 13-də məhkəməyə təqdim etdiyi sənəddə Siver xalasına, onun musiqisinə və ailəsinə dəyər verdiyini, mübahisənin irsinə xələl gətirməsini istəmədiyini bildirib. O, "She's Alive" şirkətinin əldə etdiyi müvəqqəti məhdudlaşdırıcı qərarın şəxsi həyatına və Partonun trastında faydalanan şəxs kimi mövqeyinə təsir etdiyini iddia edib.
Ailədaxili mübahisəyə Partonun kiçik bacısı, Siverin anası Keysi də münasibət bildirib. Oktyabrın 26-da Brayan "Facebook"da anasının yazdığı uzun mesajı paylaşıb. Keysi mesajda məşhur bacısının itkisinə yas tutduğu bir vaxtda oğluna dəstək olduğunu yazıb və bu ağrılı dövrdə ictimaiyyət qarşısında danışmaq qərarının onun üçün çətin olduğunu bildirib.
O, tərəf tutmaq istəmədiyini vurğulayıb. Keysinin sözlərinə görə, Brayana sevgisi başqalarını ictimaiyyət qarşısında mühakimə etməyi və tam anlamadığı məsələlərə münasibət bildirməyi tələb etmir. Bəzi məsələlərdə susmasının oğluna sevgisinin və ya qayğısının olmaması kimi qiymətləndirilməməsini də xüsusi qeyd edib.