"Apple" 2026-cı maliyyə ilinin dördüncü rübü üzrə hesabatında süni intellekti gəlir artımının əsas hərəkətverici qüvvələrindən biri kimi göstərib, eyni zamanda bu sahəyə rəqiblərinə nisbətən xeyli az vəsait yönəldir.
"PostMedia" xəbər verir ki, maliyyə araşdırmaları platforması AlphaSense-in hesablamasına görə, Apple-ın hesabat üzrə konfrans zəngində süni intellekt və "Apple Intelligence" rekord 45 dəfə xatırlanıb ki, bu da 2024-cü ilin iyununda texnologiyanı və yenilənmiş "Siri" planlarını təqdim etdiyi zəngdən də çoxdur.
"Apple" maliyyə ilini gəlir və hər səhmə düşən mənfəət baxımından tarixinin ən yaxşı nəticəsi ilə başa vurub. "iPhone" üzrə gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 % artaraq sentyabr rübü üçün rekord olan 57,6 milyard dollara çatıb. "Mac" kompüterlərindən gəlir isə 24 % artımla 10,8 milyard dollar olub və dörd ilin ən yüksək göstəricisini təşkil edib.
Buna baxmayaraq, bazar açılışından əvvəlki ticarətdə şirkətin səhmləri ucuzlaşıb. Səbəb "Apple"ın bayram rübündə yaddaş çiplərinin bahalaşmasının mənfəət marjasına təzyiq göstərəcəyini xəbərdar etməsi olub.
Şirkət süni intellektin gəlirə nə qədər təsir etdiyini, yaxud artımın bahalaşma hesabına olub-olmadığını açıqlamayıb. Maliyyə Direktoru (CFO) Kevan Parekx isə zəng zamanı texnologiyanın zaman keçdikcə gəlirə töhfə verəcəyi "geniş imkanlar" olduğunu bildirib.
"Məhsul baxımından süni intellekt müştərilər üçün ən yeni imkanlardan yararlanmaq məqsədilə cihazı yeniləmək və ya "Apple"a keçmək üçün inandırıcı səbəbdir. Üçüncü tərəf tətbiqləri və tərəfdaşlıqlar, eləcə də öz məhsullarımız üzrə də imkanlar görürük", — deyə Parekx bildirib.
Baş İcraçı Direktor (CEO) kimi ilk hesabat zəngində çıxış edən Con Ternus da süni intellektdə "böyük imkanlar" gördüklərini söyləyib.
"Apple"ın strategiyası istifadəçilərin süni intellektdən, o cümlədən rəqiblərin texnologiyalarından məhz onun cihazları vasitəsilə yararlanmasına əsaslanır. Şirkətin 2,5 milyarddan çox aktiv cihazı var. Bu auditoriyaya həm cihaz satmaq, həm süni intellekt tətbiqlərinin abunələrindən komissiya yığmaq, həm də öz funksiyalarına geniş çıxış istəyənlərdən ödəniş almaq mümkündür.
Şirkət infrastruktura rəqiblərlə müqayisəolunan məbləğlər xərcləmir. Əvvəlki rübdə kapital xərcləri 2,2 milyard dollar olub. Müqayisə üçün, "Amazon"un bu göstəricisi 77,3 milyard dollar, "Alphabet"in isə 51,4 milyard dollardır. Bu rəqəmlər süni intellektlə məhdudlaşmır, bütün şirkət üzrə xərcləri əhatə edir. Əməliyyat xərcləri isə tədqiqat və işləmələrə, o cümlədən süni intellektə ayrılan vəsaitin artması ilə 21 % yüksələrək 19,2 milyard dollara çatıb.
"Apple" cihazın daxilində emal, öz serverləri və kənar texnologiyaları birləşdirir. Yenilənmiş "Siri AI" "Google"un "Gemini" texnologiyası ilə hazırlanmış modellərdən istifadə edir. Bildirilir ki, şirkət yazı alətləri və təsvir yaradılması kimi funksiyalar üçün istifadəçilərə kənar provayderlər arasında seçim imkanı verməyi planlaşdırır.
"Siri AI" hələ yalnız istifadəçilərə çatmağa başlayır və test (beta) rejimindədir. Yenilənmiş köməkçi sentyabrda ABŞ-də ingilis dilində istifadəçilər üçün təqdim edilib, oktyabrda isə fransız, yapon, koreya, portuqal və ispan dillərini dəstəkləyib.
Ternus bildirib ki, serverdəki modellərə əsaslanan funksiyalar, o cümlədən "Siri AI" və ağıllı foto redaktə üzrə istifadə limitləri olacaq. Daha çox imkan istəyən müştərilər "gələcəkdə genişləndirilmiş çıxışı əldə edə biləcək". "Əvvəlcə "iCloud" paketləri əsasən yaddaşa görə fərqlənirdi, amma biz ona getdikcə daha çox imkan əlavə edirik", — deyə o qeyd edib.
"Apple" süni intellekti yerli rejimdə işlətmək üçün onun kompüterlərini alan şirkətlərdən də qazanır. Ternusun sözlərinə görə, "Mac" "özünün süni intellekt dövrünü yaşayır". "Gap" yüzlərlə mağazada itkilərin qarşısını almaq üçün süni intellekti tamamilə "Mac Mini" kompüterlərində işlədir və bulud xərclərindən yayınır. "Christie's" isə qiymətləndirmə də daxil olmaqla iş proseslərini yaxşılaşdırmaq üçün "Mac Studio" kompüterlərində yerli modellərdən istifadə edir.
"Apple" digər şirkətlərin süni intellekt abunələrindən də qazanır. "The Wall Street Journal" "AppMagic" analitik şirkətinə istinadən yazıb ki, şirkət 2026-cı ildə generativ süni intellekt tətbiqlərindən "App Store" komissiyaları hesabına 1 milyard dollardan çox gəlir əldə edə bilər. Lakin həmin nəşrin məlumatına görə, "OpenAI" potensial abunəçiləri ödənişi "Apple"ın komissiyasından yayınaraq öz saytı üzərindən etməyə yönəltməyə başlayıb.