"PostMedia" xəbər verir ki, iclasda Prezident İlham Əliyevin sərəncamı ilə İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.
İclasda İri Şəhərlərin Su Təchizatı QSC-nin yeni icraçı direktoru müəyyənləşib. Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.
A. Mərdanov 24.04.1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Azərsu ASC"-də rəhbər vəzifədə çalışıb, "Su təchizatı və tullantı suları haqqında" qanunun hazırlanmasında ekspert qurupunun üzvü olub. "SOCAR"-da idarə rəisi vəzifəsində çalışıb. Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, "Tərəqqi" medalına layiq görülüb. Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, "İri Şəhərlərin Su Təchizatı" QSC 6 iri şəhərə - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Naxçıvana xidmət göstərir./Ölkə.az
