Gürcüstanın Baş naziri İrakli Kobaxidze xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvilini Rusiya ilə münasibətlər üzrə hökumət başçısının xüsusi nümayəndəsi təyin edib.
”PostMedia” xəbər verir ki, bu barədə Kobaxidze brifinq zamanı açıqlama verib.
“Cənab Giorgi Zurabaşvili Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi təyin olunur. Rusiya Federasiyası ilə münaqişənin sülh yolu ilə tənzimlənməsi, mövcud ticarət-iqtisadi əlaqələrin qorunması və inkişaf etdirilməsi, eləcə də humanitar məsələlər üzrə davamlı dialoqun təmin olunması ölkəmizin ən mühüm prioritetlərindəndir”, – deyə Kobaxidze bildirib.
Baş nazir vurğulayıb ki, Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin olmadığı şəraitdə Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndənin fəaliyyəti Cenevrə danışıqları formatı qədər mühüm əhəmiyyət daşıyır.
Kobaxidze həmçinin bildirib ki, Zurabaşvili Gürcüstanın xarici işlər nazirinin birinci müavini vəzifəsini də davam etdirəcək.
Qeyd edək ki, Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsi 2025-ci ilin dekabrından vakant idi. Bu vəzifəni əvvəllər Giorgi Kacaya tutub.