Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Ermənistandan 15 oktyabr 2026-cı il tarixindən etibarən "Modus Granum" MMC-nin Rusiya alıcılarına göndərilməsi nəzərdə tutulan məhsullarının baytarlıq sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib.
"PostMedia" qurumun rəsmi saytına istinadən xəbər verir ki, məhdudiyyətin Rusiya qurumunun mütəxəssisləri tərəfindən müəssisədə yoxlama aparılana qədər qüvvədə qalması təklif olunur.
Rosselxoznadzorun materiallarına əsasən, bununla bağlı müraciət Ermənistan Respublikasının Qida Təhlükəsizliyi Müfəttişliyi Orqanına göndərilib.
Qurumun rəsmi bildirişində qeyd olunur ki, müəssisənin yoxlanılmasına qədər onun nəzarətə tabe olan məhsullarının Rusiya alıcılarının ünvanına baytarlıq sertifikatlaşdırılması dayandırılmalıdır. Bununla belə, 15 oktyabr 2026-cı il tarixinədək Ermənistandan Rusiyaya göndərilmiş məhsulların ölkəyə buraxılması məsələsi əvvəlki qaydada həll ediləcək.
"Modus Granum" taxılın emalı, un və heyvan yemlərinin istehsalı ilə məşğul olur. Sertifikatlaşdırmanın dayandırılması barədə məlumat Ermənistan məhsullarının Rusiyaya tədarükünə tətbiq edilən məhdudiyyətlərin yenilənən siyahısına daxil edilib.
Yoxlamanın əsas məqsədi müəssisənin Rusiya və Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə uyğunluğunu təsdiqləməkdir. Qurumun materiallarında yoxlamanın keçiriləcəyi tarixlər barədə məlumat verilməyib.