Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna ətrafındakı vəziyyətə dair iclasda Fransanın sədrliyi ona çıxış etməyə imkan verməyib.
"PostMedia" xəbə veir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Rıjenkovun sözlərinə görə, iclasın keçiriləcəyi məlum olduqdan sonra Minsk onun çıxış etməsinə icazə verilməsi ilə bağlı müraciət edib. O, bunu Belarusun münaqişənin humanitar, iqtisadi və siyasi sahələrdə yaratdığı nəticələri birbaşa yaşaması ilə izah edib.
“Biz dərhal müraciət etdik ki, nümayəndəmiz, yəni mən də baş verənləri qiymətləndirməklə yanaşı, gələcək addımlarla bağlı təkliflərini səsləndirsin. Lakin çıxış üçün söz verilən ölkələrin geniş siyahısına baxmayaraq, Fransa sədrliyi bizim iştirakımıza imkan vermədi”, – nazir BMT Baş Assambleyasının iclasları çərçivəsində “RİA Novosti”yə bildirib.
İclas ötən həftənin çərşənbə günü keçirilib. Rusiyanı iclasda xarici işlər naziri Sergey Lavrov təmsil edib. Sentyabr ayında BMT Təhlükəsizlik Şurasına Fransa sədrlik edib.
Rıjenkov qeyd edib ki, Rusiya Belarusun iclasda iştirakını dəstəkləyib. Onun sözlərinə görə, digər bir sıra ölkələrə, o cümlədən İspaniya nümayəndələrinə də çıxış üçün söz verilib.
“Onlar bu münaqişədən necə zərər çəkiblər, biz necə zərər çəkmişik? Onlar münaqişəni necə anlayır və necə görürlər, biz isə onu necə anlayır və necə görürük? Axı fərq var. Onlara söz verdilər. Bizə isə söz vermədilər”, – Belarusun xarici işlər naziri bildirib.