Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviçin xanımı Tatyana Yosipoviç Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
"PostMedia" xəbər verir ki, muzeyin məlumatına görə, Zaqreb Universitetinin Hüquq fakultəsində çalışan professor Tatyana Yosipoviç Azərbaycanın tarixinə və ədəbiyyatına böyük maraq göstərib.
Qonağa muzeyin Ekspozisiyanın qorunması, təqdimi və rəqəmsal tətbiq şöbəsinin müdiri Tomiris Babanlı bələdçilik edib. O, milli-mənəvi dəyərləri əks etdirən Azərbaycan ədəbiyyatı barədə qonağa ətraflı məlumat verib.
Tatyana Yosipoviç muzeyin "Təəssüratlar kitabı"na ürək sözlərini yazıb.
"Ədəbiyyat Muzeyinə belə gözəl səyahətə görə təşəkkür edirəm. Xalqınızın ədəbiyyatı və incəsənəti məndə çox böyük təəssürat oyatdı", — deyə o qeyd edib.
Muzeydən bildirilib ki, qonaq qədim Azərbaycan ədəbiyyatı xəzinəsini qoruyub nəsillərə ötürən bu məkana bir daha qayıtmaq ümidi ilə ayrılıb.
Tatyana Yosipoviç Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarındandır. Forum qonaqları Azərbaycanın mədəniyyəti, tarixi və incəsənəti ilə yanaşı, ədəbiyyatına da xüsusi maraq göstərirlər.


