Rumıniya parlamenti prezident tərəfindən baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Ziqfrid Mureşanın təklif etdiyi hökuməti təsdiqləməyib.
"PostMedia" xəbə verir ki, bu barədə “Digi 24” məlumat yayıb.
Çərşənbə günü keçirilən səsvermə zamanı hökumətin lehinə 182 deputat və senator səs verib. Hökumətin təsdiqlənməsi üçün isə 233 səs tələb olunurdu.
Ümumilikdə səsvermədə 197 deputat və senator iştirak edib. Onlardan 182-si təklif olunan hökumətin lehinə, 15-i əleyhinə səs verib. Beləliklə, kabinet konstitusion çoxluğu toplaya bilməyib və parlamentin etimadını qazanmayıb.
Mureşanın hökumətini Milli Liberal Partiyası (PNL), Rumıniyanın Xilas İttifaqı (USR) və Rumıniya Macarlarının Demokratik İttifaqı (UDMR) dəstəkləyirdi. Bu üç partiyanın parlamentdə ümumilikdə 170 mandatı var. Səsvermədən əvvəl Mureşan dəstəyi tələb olunan çoxluğa çatdırmaq ümidi ilə milli azlıqların nümayəndələri və müstəqil parlament üzvləri ilə danışıqlar aparıb.
Sosial-Demokrat Partiyası (PSD) və millətçi “Rumınların Birliyi Alyansı” (AUR) əvvəlcədən Mureşanın hökumətini dəstəkləməyəcəklərini açıqlamışdı.
Mureşan İlie Bolocanın hökumətinin may ayında istefasından sonra baş nazir vəzifəsinə üçüncü namizəd olub. Prezident Nikuşor Danın onun namizədliyini irəli sürməsi bir neçə ay davam edən siyasi qeyri-müəyyənlikdən sonra yeni hökumət formalaşdırmaq cəhdi kimi qiymətləndirilirdi.
Səsvermənin uğursuz olması ilə ölkədə siyasi böhran davam edir. Bundan sonrakı addımlar prezidentdən və parlamentdə təmsil olunan partiyalardan asılı olacaq. USR artıq növbədənkənar seçkilərin keçirilməsini dəstəklədiyini açıqlayıb.