Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşasına baxıblar.
"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşa noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında BIAF-2026 çərçivəsində nümayiş olunub.
Səhnə əsəri Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən, müasir incəsənətə həsr olunmuş beynəlxalq mədəniyyət məkanı "Wadi AlFann"ın sifarişi ilə hazırlanıb. Tamaşa çoxsaylı mükafatlar almış rejissor və xoreoqraf Əkrəm Xanın ən son işidir.
Müasir rəqslə klassik hind rəqsinin hərəkət dilini birləşdirən Əkrəm Xan layihədə vizual rejissor Mənal Əl-Dovayanla əməkdaşlıq edib. Tamaşanın orijinal musiqisini hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş bəstələyib.
Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşır, keçmişlə bu günü birləşdirir və mənəvi yenilənməyə nail olurlar.
Tamaşanın vizual dünyasını "Wadi AlFann"ın rəssamı Mənal Əl-Dovayan yaradıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.
"Zikra" layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər obrazın rolunu və simvolik mənasını vurğulayır.
Səhnə əsəri Əl-Ulanın qədim miflərindən və təbiət mənzərələrindən ilhamlanıb. Məkan üçün xüsusi hazırlanmış dünya premyerası 2025-ci ilin yanvarında olub.
Foto: AZƏRTAC








